...

Romada 28 May – Respublika Günü qeyd edilib (FOTO)

Siyasət Materials 28 May 2013 05:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend/

Mayın 28-də Roma şəhərində "St.Regis" mehmanxanasında Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ziyafətdə İtaliyanın parlament üzvləri, Nazirlər Şurası, Xarici İşlər Nazirliyi və digər dövlət qurumları, biznes dairələri, elm-tədqiqat mərkəzləri, yerli mətbuat orqanları və Romadakı diplomatik korpusun nümayəndələri, eləcə də İtaliyada yaşayan azərbaycanlılar iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, Azərbaycanın qədim dövlətçilik ənənələrindən, 28 May - Respublika Gününün tarixindən danışıb.

Səfir 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə həyata keçirilən mühüm islahatlar və uğurlu xarici siyasətin nəticəsində bu gün ölkəmizin güclü və sürətlə inkişaf edən iqtisadiyyatı ilə Cənubi Qafqazda lider, eləcə də cənubi-şərqi Avropada möhkəm demokratik ölkəyə çevrildiyini qeyd edib. V.Sadıqov ölkəmizin həmçinin beynəlxalq arenada fəal iştirakçı olduğunu vurğulayıb.

Səfir öz çıxışında Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün kimi öz torpaqlarından ayrı düşdüyünü qeyd edib.

Səfir V.Sadıqov çıxışında həmçinin Azərbaycan-İtaliya əlaqələrinə toxunaraq, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinin qeyd edildiyini xatırladıb.

Hazırda Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirən səfir, habelə iqtisadi sahədə də İtaliyanın son 5 ildə ölkəmizin ən iri ticarət tərəfdaşı olmaqda davam etdiyini vurğulayıb.

V.Sadıqov mədəniyyət və təhsil sahəsində də əməkdaşlıq əlaqələrinin genişləndiyindən məmnun olduğunu qeyd edib.

Mərasimə beş yüzdən artıq qonaq qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti