...

Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 illiyi təntənə ilə qeyd edilib

Siyasət Materials 29 May 2013 15:29 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 illiyi Azərbaycanın Ukraynadakı səfirliyində təntənə ilə qeyd edilib.
Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 illiyi təntənə ilə qeyd edilib

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 illiyi Azərbaycanın Ukraynadakı səfirliyində təntənə ilə qeyd edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Ukraynada akkreditə olunmuş səfirlərin və diplomatik korpusun digər üzvlərinin, beynəlxalq təşkilatların, Ukraynanın dövlət və hökumət orqanlarının, deputatların, Silahlı Qüvvələrin generalları və digər yüksək rütbəli zabitlərin, elmi dairələrin, geniş ictimaiyyətin, həmçinin Azərbaycan diasporunun nümayəndələrinin olduğu tədbirdə fəxri qonaq qismində Ukrayna Baş nazirinin müavini, Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Ukrayna tərəfdən sədri Konstantin Qrişenko iştirak edib.

Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsindən sonra iştirakçılara müraciət edən səfir Eynulla Mədətli Azərbaycan Xalq Cümhuriyyəti, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın tutduğu inkişaf yolu, Ukrayna ilə münasibətlərin yüksək səviyyədə olmasından danışıb, bütün azərbaycanlıları bu əlamətdar gün münasibətilə təbrik edib. Səfir vurğulayıb ki, bu il Azərbaycanda Respublika Günü xüsusi təntənə ilə qeyd olunur, belə ki, bu il Azərbaycanın ilk respublikasının 95 illiyi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyidir. O, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları və rəhbərləri Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəylinin və digərlərinin indiki üçrəngli azadlıq bayrağını qaldıraraq müstəqil dövlətçiliyin əsasını qoyduqlarını, böyük tarixi xidmət göstərdiklərini qeyd edib. Səfir keçən əsrin 90-cı illərində Azərbaycan istiqlaliyyətini yenidən əldə edəndən sonra dövlətçiliyimizin inkişafında Heydər Əliyevin müstəsna rol oynadığını, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Heydər Əliyev kursunu uğurla davam etdirdiyini deyib.

Eynulla Mədətli Prezident İlham Əliyevin Ukrayna Prezidenti Viktor Yanukoviçlə mütəmadi görüşlərinin, hökumətlər və parlamentlər arasında yüksək səviyyəli təmasların strateji tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini qeyd edib. O, bu gün Ukraynada bir neçə yüz min azərbaycanlının yaşadığını, təqribən beş min tələbəmizin Ukraynanın ali təhsil müəssisələrində təhsil aldığını deyib, Ukrayna cəmiyyətinin demokratik və tolerant mühitinin, dövlətin milli-mədəni azlıqlar barədə xoş siyasətinin bu gözəl ölkədə həmvətənlərimizin qayğı və rahatlıqla təmin edilməsinə şərait yaratdığını, Azərbaycanda Ukrayna icmasının da ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını və dövlət dəstəyi ilə təmin olunduğunu vurğulayıb.

Konstantin Qrişenko çıxışında Ukraynanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini qeyd edib, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Baş nazirin müavini Azərbaycan və Ukrayna arasında əlaqələrin strateji əməkdaşlıq xarakteri daşıdığını qeyd edərək bu münasibətlərin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu bildirib, tədbir iştirakçılarını bu möhtəşəm bayram münasibətilə təbrik edib.

Tədbirdə iştirak edən Ukrayna xarici işlər nazirinin müavini, mədəniyyət nazirinin müavini, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini və digər qonaqlar Azərbaycan səfirinə təbriklərini çatdırıblar.

Tədbirdə qonaqlara Azərbaycan milli mətbəxinin təamları və Azərbaycan istehsalı olan içkilər təklif edilib, səfirlik və diaspor təşkilatları tərəfindən hazırlanmış kitab, jurnal və digər çap materialları nümayiş etdirilib. Qonaqlar Ukraynanın xalq artisti, həmyerlimiz Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan ansamblının ifasında Azərbaycanın milli musiqi nümunələrini dinləyiblər. Tədbir Azərbaycan, Ukrayna və Türkiyə KİV və televiziya kanalları tərəfindən geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti