...

Prezident İlham Əliyev: Bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 4 İyun 2013 13:33 (UTC +04:00)
Bu gün "Xəzər Neft-Qaz" sərgisinin 20-ci ildönümüdür. Bu, böyük tarixi hadisədir və 20 il ərzində bu sərgi hər il daha çox şirkətlər cəlb etmişdir və mənə verilən məlumata görə, bu dəfə 400-ə yaxın şirkət bu sərgidə iştirak edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Xəzər Neft və Qaz 2013" sərgisinin açılışında çıxışı zamanı deyib.
Prezident İlham Əliyev: Bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 11:33-də yayılıb)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir S.Əliyev/


Bu gün "Xəzər Neft-Qaz" sərgisinin 20-ci ildönümüdür. Bu, böyük tarixi hadisədir və 20 il ərzində bu sərgi hər il daha çox şirkətlər cəlb etmişdir və mənə verilən məlumata görə, bu dəfə 400-ə yaxın şirkət bu sərgidə iştirak edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Xəzər Neft və Qaz 2013" sərgisinin açılışında çıxışı zamanı deyib.

Prezident bildirib ki, bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, 20 il keçməsinə baxmayaraq sərgi öz əhəmiyyətini itirməyib, əksinə, bu əhəmiyyət daha da artmışdır:

"Əsas neft və qaz müqavilələrinin artıq imzalanmasına, xarici şirkətlərin Azərbaycanda uzun illər ərzində uğurla fəaliyyət göstərmələrinə baxmayaraq, sərginin əhəmiyyəti artmaqdadır. Və əlbəttə, ənənəvi olaraq Amerika Birləşmiş Ştatları Prezidentinin və Böyük Britaniyanın Baş nazirinin sərgiyə göndərdikləri təbrik məktubları sərginin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir. 20 il ərzində Azərbaycan böyük bir yol keçmişdir, Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. 20 il bundan əvvəl isə biz işin ilkin mərhələsində idik və sərginin Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox böyük dəstəyi, əhəmiyyəti olmuşdur. 1994-cü ildə ilk sərgi keçirilərkən Azərbaycan haqqında dünyada o qədər də böyük bilgilər yox idi. Yəni neft dünyasında fəaliyyət göstərən şirkətlər bilirdilər ki, Azərbaycan qədim neft ölkəsidir. Ancaq ölkəmizin real potensialı və gələcək inkişaf planları haqqında kifayət qədər məlumatları yox idi. Və biz özümüz də o vaxt bəlkə də tam şəkildə gələcəyi görə bilmirdik, necə olacaq, Azərbaycan necə inkişaf edəcək. Baxmayaraq ki, 90-cı illərin ortalarında Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə yeni neft strategiyası işlənmiş və təqdim edilmişdir".

İlham Əliyevin sözlərinə görə, məhz bu strategiyanın nəticəsidir ki, bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edib, Azərbaycan öz müstəqil iqtisadiyyatını təmin edib, müstəqilliyini möhkəmləndirə bilib: "Azərbaycan beynəlxalq əməkdaşlıq üçün çox gözəl məkandır. Növbəti illər ərzində də bizim dəqiq, konkret planlarımız var. 20 il əvvəl isə Azərbaycanın inkişafı ilə bağlı sadəcə olaraq proqramlar, niyyətlər var idi. Əlbəttə, "Əsrin müqaviləsi"nin imzalanması tarixi hadisə idi, dönüş nöqtəsi idi. Təsadüfi deyil ki, 1994-cü ildə bu müqaviləyə "Əsrin müqaviləsi" adı verilib. İndi, 21-ci əsrdə biz deyə bilərik ki, bu, iki əsrin müqaviləsidir. Çünki bu gün də "Azəri-Çıraq-Günəşli" yataqları üzrə imzalanmış müqavilə öz əhəmiyyətini itirmir. Əksinə, bu müqavilənin icrası nəticəsində açılmış yeni dəhlizlər bu gün digər layihələrin uğurlu inkişafına və reallaşmasına zəmin yaradır. "Əsrin müqaviləsi"nin əhəmiyyəti haqqında kifayət qədər danışılıb, deyilib, təkrar etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq, Azərbaycan Xəzər dənizini birgə işləmək üçün xarici şirkətlər üçün açıb. Və ilk dəfə olaraq, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılıb ki, bu da öz növbəsində bu gün digər layihələrin uğurlu inkişafına təkan verib".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq əməkdaşlıqda böyük təcrübə toplayıb: "Azərbaycanda "Əsrin müqaviləsi"nin icrası nəticəsində digər sektorlarda da canlanma baş verib. Çox gözəl investisiya iqlimi yaradılıb və bu gün də Azərbaycan MDB məkanında birbaşa xarici sərmayələrin qoyuluşuna görə birinci yerdədir. Biz neft kapitalını insan kapitalına, neft sektorunda əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bilmişik. Vaxtilə bəzi təhlilçilər tərəfindən deyilən "Azərbaycanı "holland sindromu", yaxud da ki, "neft lənəti" gözləyir" kimi fikirlərin heç biri reallaşmadı. Çünki bizim düşünülmüş siyasətimiz vardır və bizim siyasətimiz tam şəkildə Azərbaycan xalqının maraqlarını təmin edir".

Dövlət başçısı bildirib ki, 17 il bundan əvvəl, 1996-cı ildə sərgi zamanı "Şahdəniz" müqaviləsi də imzalanmışdır: "O vaxt dünyada və Avropada ümumiyyətlə qaz amili o qədər də ciddi qəbul edilmirdi. Ona görə "Şahdəniz" müqaviləsinin imzalanması, demək olar ki, dünya miqyasında o qədər də böyük əks-səda yaratmadı. Halbuki, biz bilirdik ki, vaxt gələcək və Azərbaycan özünü dünyaya nəinki neft ölkəsi kimi, qaz ölkəsi kimi də təqdim edəcək. Bilirdik ki, bizim çox zəngin qaz yataqlarımız var və bu yataqların işlənilməsi nəticəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Və "Şahdəniz" layihəsinin icrası və uğurlu beynəlxalq əməkdaşlıq nəticəsində bu gün məhz "Şahdəniz" qaz yatağı bölgədə gedən enerji təhlükəsizliyi ilə bağlı proseslərə həlledici təsir edir. Bu gün "Şahdəniz" layihəsi olmadan bölgənin enerji təhlükəsizliyini təsəvvür etmək mümkün deyil. Çünki enerji təhlükəsizliyi deyəndə ilk növbədə təbii qazı nəzərdə tuturuq. Əgər "Əsrin müqaviləsi" imzalanmasaydı və Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, yəni bu dəhliz yaradılmasaydı, "Şahdəniz" layihəsinin icrası böyük sual altında ola bilərdi. Məhz dəhlizlərin mövcudluğu, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı üçtərəfli uğurlu əməkdaşlıq nəticəsində "Şahdəniz" layihəsinin icrasına nail ola bildik. Və 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsindən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri də eyni dəhlizdə tikilmişdir".

Prezident vurğulayıb ki, bu gün bu kəmər və onunla bağlı gələcək planlarımız Azərbaycanla Avropa arasında olan əlaqələrdə də mühüm rol oynayır: ""Şahdəniz" qaz yatağı dünya miqyasında ən böyük enerji layihəsidir. Layihənin birinci mərhələsi uğurla icra edilir, ikinci mərhələnin reallaşmasına yaxınıq. ARDNŞ-nin bütün tərəfdaşlarla çox gözəl əməkdaşlığı vardır. Bu əməkdaşlığın yaranması da "Əsrin müqaviləsi"ndən başlamışdır. Bu müqavilənin imzalanması ilə ARDNŞ də beynəlxalq şirkətə çevrilmişdir. Bu gün ARDNŞ-nin həm ölkə daxilində, həm də dünyada çox güclü mövqeləri vardır.

Mən bu yubiley günündə, bizim əsas tərəfdaşımız olan bp şirkətinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. bp bizim strateji tərəfdaşımızdır. 1994-cü ildən bu günə qədər 20 il ərzində bp ilə ARDNŞ arasında çox gözəl münasibətlər yaradılmışdır. bp həm "Azəri-Çıraq-Günəşli", həm də "Şahdəniz" layihələrinin operatorudur, digər layihələrdə də iştirak edir. 20 il ərzində bu strateji tərəfdaşlıq yüksək zirvələrə qalxmışdır. Bundan ən azı 20 il sonra da, bəlkə, ondan artıq müddət ərzində bu strateji tərəfdaşlıq davam edəcəkdir".

İlham Əliyev bildirib ki, bu müqavilələrin icrası və bütün görülən işlər eyni zamanda ARDNŞ-yə də beynəlxalq şirkət kimi dünyada öz fəaliyyətini genişləndirməyə imkan verdi: "Bu gün ARDNŞ-nin nəinki Azərbaycanda, müxtəlif ölkələrdə də böyük investisiya layihələri vardır. Bu investisiyalar Türkiyədə, Gürcüstanda, İsveçrədə, Ukraynada, Rumıniyada, Birləşmiş Ərəb Əmirliklərində uğurla həyata keçirilir və ARDNŞ öz investisiya layihələrini genişləndirir. Bu, bizim üçün böyük təcrübə idi.

Eyni zamanda, müqavilələr əsasında Azərbaycanda kadrların hazırlanması işi də yüksək səviyyədə təşkil edilmişdir. Bu gün beynəlxalq konsorsiumlarda çalışanların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. "Əsrin müqaviləsi"nin 1994-cü ildə imzalanmasına baxmayaraq, həmin il ölkəmizin imkanları o qədər də böyük deyildi, yəni indiki kimi deyildi. Buna baxmayaraq, biz Azərbaycan üçün maksimum məqbul şərtlər təmin edə bilmişik. Eyni zamanda, investorlar üçün də gözəl şərtlər təqdim edilmişdir. Məhz buna görə müqavilədən gələn gəlirin 80 faizi gələcəkdə Azərbaycanın payına düşəcək və müqavilələrdə Azərbaycan mütəxəssislərinin fəaliyyəti xüsusilə təsbit edilib".

Prezidentin sözlərinə görə, son 20 il ərzində doğrudan da, böyük və uğurlu yol qət edilib: "Biz hər növbəti sərgidə keçən il ərzində görülmüş işlər haqqında fikir mübadiləsi aparırıq. Yadımdadır, əvvəlki sərgidə yeni yataqların aşkarlanması haqqında biz danışmışıq. Çox şadam ki, "Şahdəniz" qaz yatağından sonra "Ümid" və "Abşeron" yataqları kəşf edilmişdir və bu da ölkəmizin qaz potensialına böyük töhfədir. Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Çox güman ki, yeni məlumatlar bu həcmi daha da artıracaq.

Prezident builki sərgidə isə son bir il ərzində bu sahədə görülmüş ən vacib hadisə olan TANAP layihəsinin başlanmasını xüsusilə qeyd etmək istədiyini bildirib:

"Keçən sərgidən bir ay keçməmiş Türkiyə ilə Azərbaycan arasında TANAP müqaviləsi bağlanmışdır. Bu layihənin çox böyük, tarixi əhəmiyyəti var. Çox şadam ki, Azərbaycan əsas maliyyə yükünü öz üzərinə götürmüşdür və beləliklə, TANAP layihəsinin icrası üçün bütün imkanlar vardır. TANAP layihəsi Cənub Qaz Dəhlizinin bir tərkib hissəsidir və bəlkə, bunun əsas hissəsidir. Bu layihə böyük maliyyə xərcləri tələb edən layihədir. Çox böyük texniki imkanlar da ortaya qoyulmalıdır. Biz tərəfdaşlarla birlikdə bunu etməyə hazırıq və bunu edəcəyik. TANAP layihəsi Cənub Qaz Dəhlizinin uğurlu icrası üçün əsas şərtdir. Eyni zamanda, bu layihənin başlanması o deməkdir ki, Cənub Qaz Dəhlizi reallaşacaqdır. Çünki Cənub Qaz Dəhlizi ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Əvvəllər də olub, bu gün də belədir ki, bu layihə reallaşacaq, ya reallaşmayacaq? Doğrudan da, kifayət qədər problem var. Bildiyiniz kimi, uzun illərdir ki, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr gedir və müzakirələrdən başqa real addımlar atılmır. Belə olan halda biz gördük ki, Azərbaycan bu dəfə əsas məsuliyyəti öz üzərinə götürməsə, çox güman ki, bu danışıqlar hələ bir neçə il də davam edəcəkdir. Amma biz vaxt itirə bilməzdik. Çünki bu məsələlərlə bağlı zaman amili də çox önəmli rol oynayır. Ona görə də Azərbaycan bu böyük məsuliyyəti öz üzərinə götürmüşdür və bu gün TANAP layihəsinin icrası üçün heç bir əngəl yoxdur.

TANAP layihəsi eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün də çox vacib amildir və əlbəttə, ölkəmizin bundan sonra da uzunmüddətli inkişafını təmin edəcək. Bizim zəngin neft yataqlarımız vardır və bu neft yataqları hələ onilliklər bundan sonra bizə xidmət edəcək. Ancaq biz gələcəyə baxmalıyıq, 50 il, 60 il, 70 il bundan sonra Azərbaycan necə inkişaf edəcək? Ona görə böyük qaz yataqlarının mövcudluğu bizə diqtə edir ki, biz bu gün bu böyük layihəyə sərmayə qoymalıyıq ki, gələcək nəsillər bu imkanlardan istifadə etsinlər".

İlham Əliyev qeyd edib ki, Azərbaycanın qaz ehtiyatları bizə ən azı 100 il, bəlkə də ondan da çox kifayət edəcək: "Və beləliklə, Azərbaycan Avropa üçün əvəzolunmaz qaz ixrac edən ölkəyə çevriləcək. Əlbəttə, bunun həm iqtisadi, həm digər aspektləri var. Beləliklə, Çənub Qaz Dəhlizinin reallaşması bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Şadam ki, bu layihənin icrası ilə məşğul olan bütün tərəflər eyni fikirdədir və hesab edirəm ki, biz burada dünyanın enerji ailəsinin uğurlu fəaliyyəti üçün də bir nümunə göstəririk. Çünki bizim timsalımızda istehsalçılar, tranziti həyata keçirənlər və istehlakçılar bir komanda şəklində fəaliyyət göstərirlər. Bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Yalnız bu üç tərəfin balanslaşdırılmış marağının təmin edilməsi uğura gətirib çıxara bilər. Hesab edirəm ki, bizim bu sahədəki uğurlu təcrübəmiz öyrənilə bilər. Bu təcrübə bir də göstərir ki, enerji siyasəti döyüş meydanına çevrilməməlidir. Enerji siyasəti əməkdaşlıq meydanına çevrilməlidir. Biz buna bu cür yanaşırıq və hesab edirəm ki, bizim 20 il ərzindəki təcrübəmiz sübut edir ki, əməkdaşlıq vasitəsilə böyük uğurlara nail ola bilərik.

Beləliklə, Azərbaycan, tranzit ölkələr və Avropa ölkələri Çənub Qaz Dəhlizinin həyata keçirilməsində israrlıdırlar. 2011-ci ilin əvvəlində Azərbaycanla Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi ilə bağlı strateji tərəfdaşlıq üzrə memorandum imzalanmışdı. Bu memorandum uğurla icra edilir. Bir daha demək istəyirəm ki, bu, çox böyük, geosiyasi, geoiqtisadi bir layihədir".

Dövlət başçısı bildirib ki, bu layihə Avropanın enerji xəritəsinə yeni məqamlar gətirəcək: "Yəni enerji xəritəsini biz birgə tərtib edirik. Əlbəttə, biz bütün məsuliyyəti çox yaxşı dərk edirik. Qürur hissi ilə deyə bilərik ki, şadıq ki, Azərbaycanda verilən qərarlar, o cümlədən bu sərgilər zamanı aparılan danışıqlar və qəbul edilən qərarlar dünya miqyasında böyük əhəmiyyətə malik olan hadisələrə çevrilir. Bir sözlə, ölkəmizin uğurlu enerji siyasəti çoxdan Azərbaycanın hüdudlarından kənara çıxıb. Biz öz enerji təhlükəsizliyimizlə bağlı bütün məsələləri uğurla icra etmişik. Bir dənə də olsun həll edilməmiş məsələ yoxdur. Və indi bizim bütün səylərimiz beynəlxalq enerji əməkdaşlığına verəcəyimiz töhfələrlə bağlıdır.

Qeyd etmək istəyirəm ki, bugünkü Azərbaycan enerji sektorunda görülən işlərin ən gözəl nümunəsidir. Ölkəmizin uğurlu inkişafı ilə bağlı çox söz deyilə bilər. Sadəcə olaraq, Azərbaycan şəhərlərinə baxmaq kifayətdir ki, hər kəs görsün ki, doğrudan da Azərbaycan nefti Azərbaycan xalqının milli maraqlarına cavab verir. Hesab edirəm ki, düşünülmüş siyasətlə neftdən əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bilmişik. Biz insan kapitalına böyük sərmayələr qoya bilmişik. Biz bu sahədə tam şəkildə şəffaflığı təmin edə bilmişik və bu gün 15 ilə yaxın fəaliyyət göstərən Dövlət Neft Fondumuz dünya miqyasında suveren fondlar arasında ən qabaqcıl yerlərdədir. Şəffaflığa, idarəçiliyə və bütün meyarlara uyğunluğuna görə Azərbaycan Dövlət Neft Fondu sözün əsl mənasında fərqlənir. Enerji sektorunda yaradılmış şəffaflıq bizə imkan verir ki, bu müsbət təcrübəni bütün digər sahələrə də keçirək, başqa sahələrdə də bu şəffaflığı təmin edək. Hazırda bu məsələlər üzərində işləyirik. Dövlət Neft Fondunun uğurlu fəaliyyəti bizim üçün bir stimuldur və gözəl əsasdır. Gəlirlərin şəffaf şəkildə yığılması və şəffaf şəkildə xərclənməsi, əlbəttə ki, şəffaflığı təmin edir. Eyni zamanda imkan verir ki, hər bir əldə edilmiş manatdan düzgün istifadə olunsun və Azərbaycan xalqının, ölkəmizin inkişafına yönəldilsin. Əlbəttə, biz bu gəlirlərdən istifadə etmişik və edirik ki, ölkəmizi inkişaf etdirək".

İlham Əliyevin sözlərinə görə, ildən-ilə Dövlət Neft Fondunun gəlirləri artır və bu da bizim gözəl təcrübəmizdir. Eyni zamanda hər il ölkənin əsas problemlərini həll etmək üçün vəsait digər sahələrə yönəldilir: "Məhz buna görə biz neft amilindən asılılığımızı böyük dərəcədə azalda bilmişik, məhz ona görə hazırda Azərbaycanın ümumdaxili məhsulunun əsas hissəsi qeyri-neft sektorunda formalaşır. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, şaxələndirmə siyasətimiz öz bəhrəsini verir. Bu ilin dörd ayının yekunları bir daha dediklərimi təsdiqləyir. Bu dörd ayda qeyri-neft sektorumuz 11 faiz artmışdır. Bu artıq onu göstərir ki, şaxələndirmə ilə bağlı bizim bütün təşəbbüslərimiz reallaşır və ölkəmizin dayanıqlı inkişafı təmin edilir. Biz infrastruktur layihələrinə, yeni texnologiyalara böyük vəsait qoyuruq, biz fəzaya peyk buraxırıq, biz ölkəmizi hərtərəfli inkişaf etdiririk".

Prezident hesab edir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrası ilə bağlı növbəti illərdə Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir, yəni bu, Azərbaycanın əsas hədəfidir: "Bu gün artıq Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatları arasında rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdədir, bu gün Azərbaycanın bütün maliyyə göstəriciləri hər bir ölkə üçün nümunə ola bilər. İşsizlik 5,2 faiz, yoxsulluq 6 faiz, strateji valyuta ehtiyatları ümumidaxili məhsulun 70 faizini təşkil edir, xarici dövlət borcu ümumidaxili məhsulun yeddi faizini təşkil edir, bir milyondan çox yeni iş yerləri açılıb. Bütün bunlar reallıqdır və əlbəttə, bu nailiyyətlərin təməlində neft amili dayanır. Amma sadəcə olaraq neft amili deyil, neftdən uğurla istifadə edən dövlət siyasəti dayanır. Çünki dünyada neft-qaz hasil edən, ixrac edən ölkələr çoxdur və hesab edirəm ki, Azərbaycanın təcrübəsi böyük təqdirə layiqdir. Mən əminəm ki, gələcək illərdə də ölkəmizin uğurlu inkişafı davam edəcək, enerji məsələlərinin həlli ilə bağlı əminəm ki, bizim bütün təşəbbüslərimiz reallaşacaq. 20 il ərzində görülən işlər və təcrübə onu göstərir ki, başladığımız istənilən layihə uğurla nəticələnir. O ki qaldı ölkəmizin uğurlu inkişafına, bu məsələlərlə bağlı konkret proqramlar var və bu proqramlar icra edilir. Bu yubiley tədbirində Azərbaycanda fəaliyyət göstərən və xüsusilə ilk illərdə, 90-cı illərin ortalarında bizə inanmış və Azərbaycana investisiya qoymuş və beləliklə, iqtisadi inkişafa təkan vermiş bütün şirkətlərə mən xüsusi minnətdarlığımı bildirmək istəyirəm və demək istəyirəm ki, bundan sonra da Azərbaycan öz strateji tərəfdaşları ilə uğurla işləyəcək, fəaliyyət göstərəcək. Əminəm ki, bu sərginin əhəmiyyəti daim artacaq və gələn il biz daha da çox şirkət görəcəyik. Sərgiyə və konfransa uğurlar arzulayıram. Sağ olun!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti