...

İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak edib

Siyasət Materials 5 İyul 2013 19:20 (UTC +04:00)
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak etmişdir.
İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak edib

Azərbaycan, Bakı, 5 iyul /Trend/

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord sement zavodunun tikintisi üzrə investisiya layihəsi uğurla reallaşdırılır. Bu müəssisənin inşasına 2010-cu ildə başlanmışdır.

Bildirildi ki, Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol çəkilmişdir. Bu yolun başlanğıcında quraşdırılan monitorlarda Ulu Öndərin həyat və fəaliyyəti, ölkənin iqtisadiyyatı və regionların inkişafı üçün həyata keçirdiyi ardıcıl tədbirləri əks etdirən videoçarxlar nümayiş etdirilir. Asfalt yolun kənarı ilə zavoda dəmir yolu və 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Bundan başqa su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunmuşdur. Müəssisənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Burada orijinal layihə əsasında park salınmışdır. Bu istirahət məkanı müasirliyi ilə diqqəti çəkir. Zavodun ərazisində ümumi sahəsi 4 min kvadratmetrdən çox olan altımərtəbəli, 56 otaqlı, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik üçmərtəbəli yeməkxana inşa olunmuşdur. Ümumi sahəsi 3400 kvadratmetr olan 69 otaqlı, beşmərtəbəli inzibati binanın tikintisi də tamamlanmışdır. Hazırda ərazidə silsilə qurğular inşa edilir.

Sonra Prezident İlham Əliyev inzibati binada yaradılan şəraitlə tanış oldu. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi, o cümlədən regionların inkişafı ilə bağlı həyata keçirdikləri tədbirləri əks etdirən fotoguşə yaradılmışdır. İnzibati binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait vardır. Burada informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilmişdir. Dəhlizlərdə Azərbaycanın qədim tarixi, maddi-mədəniyyət abidələri barədə dolğun təəssürat yaradan incəsənət nümunələri də xoş ovqat doğurur.

Dövlətimizin başçısına mərkəzi nəzarət otağında müəssisə barədə ətraflı məlumat verildi. Buradakı stendlərdə zavodun texnoloji sxemi, tikinti üzrə investisiya layihəsi, baş plan və layihəyə aid digər məsələlər konkret əksini tapmışdır. Müəssisənin maketi əsasında Prezident İlham Əliyevə bildirildi ki, gündəlik layihə gücü 2500 ton klinker və 1 milyon ton sement olan zavodun inşası iki mərhələdə aparılır. Birinci mərhələdə sement istehsalı xətti istifadəyə verilir. İkinci mərhələdə isə klinker istehsalı xəttinin tikinti-quraşdırma işlərinin başa çatdırılması nəzərdə tutulmuşdur. Bu ilin martında sement istehsalı xəttinin inşaat və quraşdırma işləri tamamlanmış, avadanlıq üzrə soyuq və isti sınaqlara başlanmışdır. Sınaqlar uğurla yekunlaşmışdır. Müəssisədə bir neçə markada sement istehsal olunacaqdır. Bununla əlaqədar uyğunluq sertifikatları alınmışdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılmışdır. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir.

Dövlətimizin başçına bildirildi ki, zavodun avtomatik idarəetmə sistemi "SİEMENS" firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılmış və ən müasir avadanlıqla təchiz edilmişdir. Zavodun idarə edilməsi mərkəzi nəzarət otağından həyata keçirilir.

Prezident İlham Əliyev buradan istehsal xəttini işə saldı.

Qeyd olundu ki, zavodun klinker istehsalı bölməsində quraşdırma işləri proqram üzrə davam etdirilir. Bu il həmin istehsal xəttinin işə salınması nəzərdə tutulmuşdur. Müəssisənin ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılmışdır. Bu layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Gündəlik istehsal gücü 2500 ton klinker təşkil edəcək istehsal xətti üçün dağ-mədən, nəqliyyat və digər infrastrukturlarda çalışacaq 700 işçinin cəlb olunması nəzərdə tutulmuşdur. İşçilərin əksəriyyətini Qazax rayonunun və yaxın bölgələrin sakinləri təşkil edir.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev zavodun kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı çıxış etdi.

Sonra AKKORD şirkətinin Direktorlar Şurasının sədri Xaqani Quluzadə və rayon sakini Məmməd Yusifov çıxış etdi.

Sonda xatirə şəkilləri çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti