Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.Tariverdiyeva/
Ermənistan parlamentində çıxışından sonra moldovalı ombudsman Aureliya Qriqoriunu Ermənistandan buraxmırlar və ölümlə təhdid edərək təcrid vəziyyətində saxlayırlar. Bu barədə şənbə günü Trend-ə Qriqoriu ilə əlaqə saxlayan yaxın dostu Todur Zanet bildirib.
Qeyd edək ki, bu yaxınlarda Qriqoriu Ermənistan parlamentində bəyan etmişdi ki, Xocalı soyqırımını ermənilər törədib və bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış faktdır.
Zanetin sözlərinə görə, nümayəndə heyəti gecə saat 03:00-da Yerevanı tərk edərkən Qriqoriuya avtomobilə minməyə icazə verilməyib.
Zanet bildirib: "Təəssüf ki, nümayəndə heyətimiz Qriqoriunu tək buraxaraq Moldovaya yola düşüb".
Hazırda Qriqoriu mehmanxanada qapalı vəziyyətdədir. İntiqam hissi ilə alışıb yanan ermənilər daim onun olduğu nömrəyə soxulmağa çalışırlar.
Zanetin sözlərinə görə, bununla belə, yerli vaxtla saat 12:00-da mehmanxana nömrəsinin ödəniş müddəti başa çatır və bundan sonra ombudsmanı nə gözləyəcəyi aydın deyil.
O deyib: "Ermənistan hökuməti Qriqoriunu azad etmək əvəzinə, ondan rəsmi üzr istəməsini tələb edir. Biz rəsmi diplomatik missiyalarla əlaqə saxlaya bilmirik, lakin vaxt bizim əleyhimizə işləyir. Onu təcili olaraq mehmanxanadan çıxararaq diplomatik missiyanın mühafizəsinə vermək lazımdır".
Onun sözlərinə görə, Moldova Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurası bu məsələ ilə məşğul olur.
Xatırladaq ki, moldovalı ombudsman cümə axşamı Ermənistan parlamentində məruzə edərək bildirmişdi ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib.