...

Ramil Usubov: Orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların xüsusi çəkisi 80 faizədək yüksəlib

Siyasət Materials 8 İyul 2013 17:59 (UTC +04:00)
İyulun 8-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əfqanıstan İslam Respublikasının daxili işlər naziri, ordu generalı Qulam Mustafa Patangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ramil Usubov: Orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların xüsusi çəkisi 80 faizədək yüksəlib

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İzzət/

İyulun 8-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əfqanıstan İslam Respublikasının daxili işlər naziri, ordu generalı Qulam Mustafa Patangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Usubov ortaq tarixi dəyərləri və ənənələri bölüşən xalqlarımız arasında münasibətlərin hazırda hər iki ölkə prezidentlərinin siyasi iradəsinə uyğun uğurla inkişaf etdiyini xatırladıb, bu səfərin birgə əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcəyini vurğulayıb.

Daha sonra Ramil Usubov rəhbərlik etdiyi qurumun funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyimizin ilk illərində ölkəmizdə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum barədə qısa məlumat verib, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalını, doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımızın acınacaqlı taleyini yada salıb. Nazir deyib ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarətə götürülüb.

Nazir bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitlik yaradılıb və onun dönməzliyi təmin olunub. Respublikamızda cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin qorunması sahəsində danılmaz xidmətləri olan daxili işlər orqanlarının peşəkar kadr özəyi formalaşıb.

Kadr hazırlığı prosesinə olan dövlət qayğısının nəticəsidir ki, indi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların xüsusi çəkisi 80 faizədək yüksəlib. Daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər sistemli şəkildə həyata keçirilir. Bu məqsədlə son illər Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən müxtəlif treninqlərdə və seminar-müşavirələrdə 2000-dən çox polis əməkdaşı iştirak edib.

Əfqanıstanın beynəlxalq təşkilatlarda həm Dağlıq Qarabağ, həm də digər məsələlərdə Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etdiyini yüksək qiymətləndirən general-polkovnik Ramil Usubov Əfqanıstan Daxili İşlər Nazirliyinin narkotiklərin qanunsuz dövriyyəsinə və terrorçuluğa qarşı mübarizə sahəsində qazandığı təcrübənin ölkəmiz üçün faydalı ola biləcəyini, göstərilən istiqamətlərdə əməkdaşlığa hər zaman açıq olduğumuzu qonaqların nəzərinə çatdırıb.

Ordu generalı Qulam Mustafa Patang xüsusən terrorçuluqla mübarizədə 32 illik təcrübəyə malik Əfqanıstanın inkişaf tempinə görə bölgədə lider dövlətə çevrilən, sabitliyin dönməzliyini təmin edən, eyni zamanda, kadrların peşəkarlığının yüksəldilməsi sahəsində Azərbaycanın əldə etdiyi qabaqcıl təcrübənin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb və rəhbərlik etdiyi qurumun əməkdaşlarının Azərbaycan DİN-in tədris müəssisələrində təhsil almalarını, onların professionallığının artırılması məqsədi ilə təlim proseslərinə, seminar-treninqlərə cəlb olunmalarına kömək göstərilməsini xahiş edib. Öz ölkəsində sülhün, sabitliyin bərqərar olunmasında Azərbaycanın sülhməramlı qüvvələrinin də iştirakına görə respublikamızın rəhbərliyinə minnətdarlığını bildirən əfqanıstanlı nazir qarşılıqlı səfər və görüşlərin oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki qardaş və dost ölkənin mənafelərinə uyğun gəldiyini və bütün sahələrdə əlaqələrin inkişafına təkan verəcəyini vurğulayıb.

Qeyd edək ki, Ramil Usubovun dəvəti ilə Əfqanıstanın daxili işlər naziri, ordu generalı Qulam Mustafa Patang ölkəmizdə rəsmi səfərdədir.

İyulun 7-də ordu generalı Qulam Mustafa Patang və onu müşayiət edən şəxslər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər çiçəklər düzülüb. Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının şərəfinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə də əklil qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti