...

Əli Həsənov: Bugünkü nəsil pensiya yaşına qədər ən bacarıqlı gənclər yetişdirərək postlarını onlara verməlidir

Siyasət Materials 10 İyul 2013 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Elm Fondu və Gənclər və İdman Nazirliyinin ayırdığı qrantların məhdudiyyət sahəsi yoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gənc alimlərin Ümumi Yığıncağında bildirib:

"Siz istənilən sahədə qrant almaq ehtiyacınızı və onun zəruriliyini sübut etsəniz, həmin qrantları ala bilərsiniz. Qrantların verilməsi proseduru o qədər sadələşdirilib ki, burada heç bir bürokratik əngəl mövcud deyil".

PA rəsmisi bildirib ki, gənclər, xüsusilə də AMEA-da çalışan gənclər bu yaradıcı yolları, imkanları özləri axtarmalıdırlar: "İnstitut direktorunuzun o qrantları alıb sizə verməsini gözləməməlisiniz. Siz Azərbaycan cəmiyyətinin ən fəal şəxsləri olmalısınız. Siz gənclər siyasətinin önündə getməlisiniz. Azərbaycanın gənclər siyasətini müəyyən edən strukturların tərkibində də sizin fəaliyyətiniz görünməlidir".

Həsənovun sözlərinə görə, çox təəssüf ki, son 10-15 ilin praktikası onu göstərdi ki, ən istedadlı gənclər elmə, təhsilə deyil, daha çox biznesə, daha çox o sahələrə gedirlər ki, orada pul qazanmaq və öz sosial problemlərini daha asan həll etmək imkanları mövcuddur: "Çox təəssüf olsun ki, 3 il bundan əvvəl Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü və sərəncamı ilə imzalanmış, bilavasitə Azərbaycanda işsizliyin aradan qaldırılması siyasətini hədəfləyən pensiya yaşı ilə bağlı müəyyən məsələlər parlamentdə və digər strukturlarda məhdudlaşdırıldı. O siyasətin məğzi ondan ibarət idi ki, biz bugünkü nəsil pensiya yaşına qədər öz övladlarımız da daxil olmaqla ən etibarlı, qabiliyyətli, bacarıqlı, dünyada və ölkə daxilində rəqabətə davamlı gənclər yetişdirərək postlarımızı onlara verək. Biz cəmiyyətin digər problemləri ilə, o cümlədən gələcək nəsillərin yetişdirilməsi, hərbi vətənpərvərlik tərbiyəsi və digər məsələlərlə məşğul olaq. Amma hər birimiz bu xoş təşəbbüssə müəyyən qədər maneçilik yaratdıq. Hərə bir institutda, bir ali məktəbdə, orta məktəbdə bu qanuna müqavimət göstərdi".

PA rəsmisi pensiyaya çıxmayanları qınayıb: "Mən başa düşürəm, heç kim təqaüdə getmək istəmir, hamı istəyir ki, öz yaradıcılıq potensialını davam etdirsin. Amma biri var yaradıcılıq potensialını gəncin yerini tutaraq davam etdirəsən, biri də var onun üçün digər imkanları axtararaq fondlar yaradasan, dövlətin digər strukturunda həmin o yaşlı kəsimin öz bacarıq qabiliyyətini dövlətin, millətin inkişafına yönəltməsinə şərait yaradasan. Ona görə də bu gün, o cümlədən sizin sıralarınızda işsizlik mövcuddur".

Həsənovun sözlərinə görə, gənc alimlər arasında elmi dərəcəsi olanlar azdır: "Nəyə gözə azdır? Çünki indi mübahisə doğurur ki, biz elmi dərəcə üçün çalışmalıyıq, yoxsa elmi dərəcə alandan sonra elm üçün çalışmalıyıq? Bax, bu məsələ hələ də gündəmdə qalır. Bəlli müddətə qədər alimlərimiz elmi dərəcəyə qədər gəlir, elmi dərəcəni alır, professor olur, akademiklik səviyyəsinə gəlir, ora çatandan sonra yer tutur, oradan möhkəm yapışır, gənclərin təşəbbüsünə az dəstək verir. Halbuki biz çalışmalıyıq ki, təcrübəmizi, imkanlarımızı onlara verək və onların enerjisindən, onların bugünkü imkanlarından istifadə edək. Özü də bu gənclik bizdən daha rəqabətə davamlıdır, qabiliyyətlidir. Belə olan halda nəyə görə biz onlara meydan verməməliyik? Amma çox təəssüf olsun ki, başqalarına meydan vermək istəmirik. Cənab Prezidentin bu gün yürütdüyü gənclər siyasətinin məğzi həm də ondan ibarətdir ki, biz rəqabətə davamlı gənclər yetişdirək, onların imkanlarından dövlətimizin, millətimizin inkişafı üçün istifadə edək və bunun ətrafında davam edək".

Həsənov bildirib ki, Azərbaycanın uğurunun təməlində gənclər durur: "İnsan resurslarının işə salınması ilə bağlı dövlət siyasəti özünün bütün gücü ilə işləyir. Bu gün bizim neftdən gələn kapital və digər gəlirlərimizin böyük əksəriyyəti insan potensialının yetişməsinə, o cümlədən dünyanın ən qabaqcıl elm və texnologiyaların mənimsənilməsinə, respublikada tətbiq olunmasına yönəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti