...

Avropa Parlamenti Azərbaycan üzrə seçki monitorinqini dayandırmaq qərarına gəlib

Siyasət Materials 11 İyul 2013 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Azərbaycan bu həftənin əvvəli öz müstəqil tarixində mühüm məqama çatıb. Belə ki, Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxardığı elan edildi. Trend-in məlumatına görə, bunu Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri, Avronest PA-nın vitse-prezidenti Elxan Süleymanov deyib.

E.Süleymanov hesab edir ki, bu xəbər 2013-cü ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində böyük bir andır:

"Avropa İttifaqı yarandığı vaxtdan etibarən bir çoxları tərəfindən demokratik inkişafın zirvəsi kimi simvolizə edilən beynəlxalq təşkilat olub. Onun Parlamenti 27-dən artıq (hazırda 28) ölkədən demokratik yolla seçilmiş orqan kimi Avropa Komissiyası ilə birlikdə dünyada demokratiyanın vəziyyətinin monitorinqi sahəsində çox iş görür. O, ötən on il ərzində Avropa İttifaqı nöqteyi-nəzərindən demokratiya yolunda "problemləri" olan ölkələrə 100-dən artıq seçki müşahidə missiyası reallaşdırıb".

O, qeyd edib ki, Avropa Parlamenti Aİ və Azərbaycan arasındakı əməkdaşlığın bir hissəsi kimi Azərbaycanda keçirilmiş 2005, 2008 və 2010-cu il seçkilərinə üç missiya göndərib və onların hamısı müvafiq şəkildə irəliləyişi qeyd edərək olduqca müsbət hesabatlar hazırlayıblar: "Gənc demokratiya olan Azərbaycan Aİ ilə bir çox sahələrdə əməkdaşlıq edir və hazırda onlarla Assosiasiya Sazişi ilə bağlı danışıqlar aparır. Bu saziş ticarət və mədəniyyət əlaqələrinin inkişafına, o cümlədən təhsil, nəqliyyat və digər sahələrdə Avropadan daha çox dəstəyin alınmasına səbəb olacaq. AP-nin bir çox üzvləri Azərbaycanı Ermənistanla mübarizəsində də dəstəkləyir. Bunu Aİ ilə hər hansı Assosiasiya Sazişinin bağlanmasını Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması ilə şərtləndirən AP məruzəsində görmək olar".

E.Süleymanov bildirib ki, indi 2013-cü ildə Parlament üç missiyadan sonra Azərbaycan üzrə seçki monitorinqini dayandırmaq qərarına gəlib. Bu etibar nəhayət ki, Azərbaycana Avropada yeni və təkmilləşmiş demokratik obraz verir, elə bir obraz ki, seçki prosesini beynəlxalq norma və dəyərlərə uyğun keçirəcəyi gözlənilir:

"Qeyd edək ki, Parlament 2013-cü ildə Ermənistana missiya göndərmişdi və bir missiyanı da Gürcüstana göndərməyi planlaşdırır. Bununla Cənubi Qafqazda Azərbaycan demokratik standartlara bu səviyyədə cavab verən ilk ölkə olur. Bu yeni obrazın inkişafa doğru yolda Azərbaycana kömək edəcəyinə ümid edilir. Beləliklə, mən ümid edirəm ki, Azərbaycan gələcəkdə Avropa ilə yaxın əlaqələr quracaq və hər iki tərəfdaş iqtisadi və mədəni mübadilədən inkişaf edə, həm regionlarında və həm də bütün dünyada daha təhlükəsiz və daha sabit cəmiyyət qurula biləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti