...

Əhməd Davudoğlu: Qafqazda sülh və sabitlik üçün Azərbaycan əraziləri azad edilməlidir (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 17 İyul 2013 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir S.Ağayeva/

Qafqazda sülh və sabitliyə nail olmaq üçün Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda keçirilən brifinqdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Davudoğlu hesab edir ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini fəallaşdırmalıdır: "Çünki Minsk qrupunun uzun illər davam edən səylərinin nəticəsi təəssüf ki, hələ yoxdur".

Xarici işlər naziri deyib: "Biz həmsədrlərə həmişə kömək etməyə hazırıq və özümüz prosesdə yüksək fəallıq göstərməliyik. Minsk qrupunun iştirakçı ölkələrinin səfirlərinin görüşünü təşkil etmək mümkündür".

Onun sözlərinə görə, Türkiyə regionda sülh və sabitliyin bərpası üçün hər şey edir: "Əgər Türkiyə Azərbaycanın Minsk qrupu ilə əməkdaşlıq etmək təklifini qəbul etsə, biz böyük məmnuniyyətlə münaqişənin həlli üçün hər cür səy göstərəcəyik".

Nazir vurğulayıb ki, Türkiyə və Azərbaycanın əməkdaşlığı hüdudsuzdur və hazırda iki ölkə arasında keçirilən hərbi təlimlərin məqsədi Azərbaycana dəstək verməkdir.

Davudoğlu bildirib: "Bu gün Bakıda məhsuldar görüşlər keçirdik. İki ölkənin Xarici İşlər nazirliklərinin diplomatik işçiləri arasında təcrübə mübadiləsi haqqında razılıq əldə edilib".

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan iki qardaş ölkədir və dünyada iki ölkənin belə sıx əməkdaşlığının nümunəsi yoxdur.

Nazir deyib: "Əməkdaşlığa dair böyük planlar mövcuddur və artıq bizdə ölkələrimiz arasında bu əməkdaşlığın praktiki nəticələri var".

Davudoğlu qeyd edib ki, artıq noyabrda Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası keçiriləcək.

Türkiyə XİN rəhbəri, həmçinin İstanbulun 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyini dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti