Azərbaycan, Bakı, 19 iyul /Trend/
Xəbər verdiyimiz kimi, iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyevə məlumat verildi ki, Mərkəzin yerləşdiyi ərazi Siyəzən şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Siyəzənin ən gözəl yerlərindən birinə çevirib.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Mərkəz ilk növbədə, siyəzənlilərin dahi rəhbərin xatirəsinə olan ehtiramını nümayiş etdirir. Mərkəzin yaradılması həm də Ulu öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır. Buradakı foto və digər eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və hazırkı hərtərəfli yüksəlişi, beynəlxalq nüfuzunun artması məhz ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Bu cür mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsinə real zəmin yaradır. Siyəzəndə Ulu öndərin adını daşıyan prospektdə inşa edilən Heydər Əliyev Mərkəzi həm də şəhərin görünüşünə əlavə gözəllik verir.
Qeyd edildi ki, 3 mərtəbədən və 14 otaqdan ibarət olan Mərkəzin müasir orijinal layihə əsasında inşasına 2013-cü ilin yanvarında başlanılıb və iyul ayında başa çatdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan Mərkəzdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrlərdə Siyəzənə səfərləri əks olunub. Mərkəzdə, həmçinin ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə Siyəzənə səfərlərini əks etdirən fotolar da yer alıb. Buradakı eksponatlar və fotolardan aydın görünür ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü səhifəsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Diqqətə çatdırıldı ki, Mərkəzdə Prezident İlham Əliyevin Siyəzənə səfərləri ilə bağlı fotoguşə də yaradılıb. Binanın birinci mərtəbəsində muzey, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcək. Mərkəzin ikinci mərtəbəsində isə konfrans zalı, dizayn və rəsm studiyaları, sərgi salonu var. Üçüncü mərtəbədə isə müasir internet klub, kitabxana və xarici dil öyrədən kurslar yaradılıb.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi: "Bu gün biz Siyəzən rayonunda Heydər Əliyev Mərkəzinin açılışını qeyd edirik. Gözəl hadisədir, gözəl mərkəzdir. Yeni tikilmiş mərkəzdir, həm xarici görünüşü gözəldir, daxili tərtibatı da yüksək səviyyədədir. Əminəm ki, Mərkəz Siyəzən rayonuna çox gözəl bir töhfə olacaqdır və burada əlbəttə ki, müxtəlif tədbirlər keçiriləcək, eyni zamanda, Ulu öndərin siyasi irsi öyrəniləcəkdir.
Biz bu ilin may ayında Ulu öndərin 90 illik yubileyini təntənəli şəkildə qeyd etdik. Bir daha görürük ki, ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Eyni zamanda, biz bu ilin iyun ayında Qurtuluş Gününün 20-ci ildönümünü qeyd etmişik. Qurtuluş Günü bir dönüş nöqtəsidir. Çünki o günə qədər Azərbaycanda proseslər mənfi istiqamətdə gedirdi, müstəqilliyimizin ilk illəri çox ağır keçirdi və demək olar ki, xoşagəlməz halların qarşısı alınmırdı. Əksinə, onlara rəvac verilirdi və ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən sonra bütün xoşagəlməz halların qarşısı alındı və Azərbaycan inamla inkişaf yoluna qədəm qoydu.
O vaxtdan bu günə qədər 20 il keçir. Bu illər inkişaf, quruculuq illəri olmuşdur. Azərbaycan bu illər ərzində böyük nailiyyətlərə imza atmışdır. Ölkədə proseslər müsbət istiqamətdə gedir. Son 10 il ərzində Azərbaycan dünyada misli görünməmiş templərlə inkişaf edir. İyirmi il bundan əvvəl isə biz bu inkişafın başlanğıcında idik və Ulu öndərin siyasi təcrübəsi, onun biliyi, cəsarəti və dünyagörüşü Azərbaycanın inkişafını təmin etdi. Çünki 20 il bundan əvvəl Azərbaycanın hansı yollarla inkişaf edəcəyi haqqında müxtəlif fikirlər, yanaşmalar var idi. Heydər Əliyevin böyüklüyü ondan ibarətdir ki, o, düzgün istiqamət seçmişdir və Azərbaycanda gedən inkişafa təkan vermişdir. Həm beynəlxalq əməkdaşlıqla, daxili proseslərlə bağlı, həm də iqtisadi islahatlarla əlaqədar aparılan siyasət bu gün də davam etdirilir. Bu gün Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkədir. Biz ən mötəbər beynəlxalq təşkilatlarda fəal iştirak edirik. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir, bölgələr inkişaf edir. Biz bu inkişafı hər bir sahədə görürük. Bu, həm statistik göstəricilərdə özünü göstərir, eyni zamanda, bu inkişafı insanlar öz gözü ilə görə bilirlər.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı da ümumi işimizdə çox vacib bir vasitədir. İkinci Dövlət Proqramı artıq bu ilin sonuna qədər başa çatacaqdır. Gələn il üçüncü Dövlət Proqramı qəbul ediləcəkdir. Ancaq ilin sonuna qədər bölgələrdə əsas infrastruktur layihələri öz həllini tapmalıdır.
Siyəzən rayonunda da son illər ərzində böyük işlər görülmüşdür. Rayonun inkişafı, abadlaşması ilə bağlı müvafiq göstərişlər verilmişdir. İnfrastruktur layihələri icra edilir, yollar çəkilir. Əvvəllər şimal istiqamətində gedən yol düz şəhərin mərkəzindən keçirdi, böyük narahatlığa səbəb olurdu. İndi yeni çəkilmiş yol əlbəttə ki, həm gediş-gəliş üçün yeni imkanlar yaradır, həm də ki, şəhərin sakinləri üçün rahatlıq verir. Bildiyimə görə, indi şəhərin ortasından tranzit yük maşınları daha keçmir. Hər halda keçməməlidir.
Bu gün biz bu gözəl mərkəzin açılışını qeyd edirik. İndi gənclər mərkəzinin açılışını qeyd edəcəyik. Görürəm, o da çox gözəl binadır. Bu gün, eyni zamanda, biz içməli su layihəsinin istismara verilməsini qeyd etdik. Bu da, hər bir bölgə hər bir rayon üçün çox vacib layihədir. Çox şadam ki, içməli su layihəsi də Siyəzəndə artıq icra edilibdir. Mənə verilən məlumata görə, sayğaclaşdırma işləri aparılacaq və su kəməri şəbəkəyə qoşulacaqdır. Beləliklə, Siyəzən şəhərində suyun 24 saat ərzində verilməsi təmin ediləcəkdir. Bu, doğrudan da böyük layihədir, böyük sosial məna daşıyan bir layihədir. Çünki içməli su insanın sağlamlığı üçün əsas məsələdir və bu layihələr ölkə üzrə icra edilir. O cümlədən Siyəzəndə də içməli su layihəsinin icrası əlbəttə ki, böyük sevincə səbəb olmuşdur.
Gələcək illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Burada məşğulluğun artırılması üçün əlavə tədbirlər görülməlidir. Baxmayaraq ki, mənə verilən məlumata görə, indi məşğulluqla o qədər də böyük problem yoxdur. Burada böyük quşçuluq fabriki fəaliyyət göstərir. Bu fabriki də sovet dövründə Ulu öndərin səyləri nəticəsində tikmək mümkün olmuşdur. O vaxt bu fabrik Macarıstandan valyuta hesabına gətirilmişdir, Azərbaycanda quraşdırılmışdır və bu gün də bu fabrik xidmət göstərir. İndi mənə deyirlər ki, orada 2 mindən artıq vətəndaş işləyir. Neft Şirkətinin strukturlarında, özəl sektorda işləyənlər var. Yəni, Azərbaycanda bütövlükdə məşğulluqla bağlı problemlər uğurla icra edilir və əlbəttə ki, rayonlarda, bölgələrdə bu problem daha da böyük dərəcədə öz həllini tapmalıdır. Çünki böyük şəhərlərdə işsizlik demək olar ki, aradan qaldırılıbdır. Rayonlarda hələ ki, var, bu məsələ də daim diqqət mərkəzində olmalıdır.
Bir sözlə, biz Siyəzənin timsalında Azərbaycanda son illər ərzində gedən inkişafı görürük. Gələcək illər üçün də bizim konkret planlarımız vardır. Rayonun gələcək inkişafı üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulur ki, burada işlər daha da sürətlə getsin və insanları narahat edən bütün məsələlər öz həllini tezliklə tapsın. Onların içində əlbəttə ki, ilk növbədə infrastruktur layihələridir, qazlaşdırmadır, - indi qazlaşdırma burada təxminən 100 faizə çatıbdır, - içməli su layihəsidir. Bu gün biz bunun açılışını qeyd etdik. Elektrik enerjisi ilə olan bəzi problemlər də öz həllini tapmalıdır. Kənd yollarının tikintisi, iş yerlərinin yaradılması, ictimai yerlərin, parkların salınması. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq. Əminəm ki, biz gələcək illərdə hələ çox görüşəcəyik, çünki burada hələ təntənəli açılışlar çox olacaqdır. Sizi bir daha salamlayıram və sizə uğurlar arzulayıram".
Siyəzənin inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən 2 nömrəli şəhər orta məktəbinin müəllimi Ramilə Seyidova dedi: "Çox hörmətli möhtərəm cənab Prezident. İcazə verin, Sizi siyəzənlilər adından ürəkdən salamlayım. Bütün siyəzənlilərin ən gözəl və xoş duyğularını Sizə çatdırmaqla "Xoş gəlmisiniz!" deyirəm.
Möhtərəm cənab Prezident, bu gün bizim üçün əlamətdar və xoş bir gündür. Biz Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevin adını daşıyan bu möhtəşəm mərkəzin açılışını edirik. Əlbəttə, cənab Prezident, hər bir azərbaycanlı bilir ki, ulu öndər Heydər Əliyev öz ölkəsini, öz xalqını canından çox istəmişdir. Cənab Prezident, ulu öndər Heydər Əliyev canı bahasına, qanı bahasına müstəqil Azərbaycan Respublikasını qurub-yaratmışdır. Ulu öndərin tarixi irsini öyrənmək, gələcək nəsillərə çatdırmaq biz gənclərin mənəvi borcudur.
Biz gənclər üçün yaratdığınız bu şəraitə görə mən gənclər adından sizə öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Cənab Prezident, biz gənclər öz gələcəyimizdən tam şəkildə arxayınıq, çünki bizim Sizin kimi liderimiz vardır. Son 10 illər ərzində respublikamızda hər il, hər ay, hər gün tikinti, abadlıq, quruculuq işlərinin şahidi oluruq. Hərdən bizə elə gəlir ki, bunlar belə də olmalıdır. Lakin digər ölkələrlə müqayisədə görürük ki, bu, heç də belə deyildir. Sizin əməyiniz, zəhmətiniz sayəsində bunlar əldə olunub. Bütün bunlar Sizin xalqımıza göstərdiyiniz xidmətiniz nəticəsində mümkün olmuşdur. Ona görə də bir çox beynəlxalq təşkilatlar Sizi dəfələrlə "İlin adamı" elan etmişdir.
Cənab Prezident, mən özüm Siyəzən rayonunda böyüyüb boya-başa çatmışam. Siyəzən rayonu ərazisi və əhalisinin sayına görə respublikamızın kiçik rayonlarından olmasına baxmayaraq, iqtisadiyyatının inkişafına görə heç də digər rayonlarımızdan geri qalmır. Bu gün həqiqətən də Siyəzən rayonunun siması məhz Sizin sayənizdə tamamilə dəyişmişdir. Rayonumuzun inkişafına göstərdiyiniz qayğıya görə Sizə, eyni zamanda, Sizinlə çiyin-çiyinə çalışan, təhsilimizin, mədəniyyətimizin inkişafına verdiyi töhfəyə görə Mehriban xanıma öz minnətdarlığımızı bildiririk.
Biz siyəzənlilər inanırıq ki, apardığınız uğurlu xarici siyasət nəticəsində Ali Baş Komandan kimi məhz Sizin rəhbərliyiniz altında, Dağlıq Qarabağ problemi öz müsbət həllini tapacaq, respublikamızın ərazi bütövlüyü təmin ediləcəkdir. Biz siyəzənlilər Sizinlə qürur duyuruq, əvvəlki illərdə olduğu kimi yenə də ətrafınızda daha sıx birləşib qarşıdan gələn prezident seçkilərində məhz Sizi dəstəkləyəcəyik.
Siz bizim əbədi liderimizsiniz, cənab Prezident. Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi Prezidentimiz vardır. Cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti, müstəqil Azərbaycan Respublikasının rifahı naminə apardığınız daxili və xarici siyasətinizdə yeni-yeni uğurlar arzu edirik. Diqqətinizə görə sağ olun".
Prezident İlham Əliyev: Çox sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.