Azərbaycan, Bakı, 21 iyul /Trend/
Misirin yeni hakimiyyəti devrilmiş Prezident Məhəmməd Mursi hökumətinin Suriya ilə münasibətlərin kəsilməsi ilə bağlı qərarına yenidən baxacaq. Bu barədə Trend BBC-yə istinadən məlumat verir.
Bununla yanaşı, Misirin xarici işlər naziri Nabil Fəhmi bildirib ki, iki ölkə arasında diplomatik münasibətlər çətin ki tam bərpa olunsun.
Nazir əlavə edib ki, Misirin Bəşşar Əsəd rejiminə qarşı hərbi fəaliyyəti dəstəkləmək planı yoxdur.
Qeyd edək ki, bir ay əvvəl M.Mursi öz çıxışında Suriya hakimiyyətinə qarşı cihad (müqəddəs müharibə) elan etmək çağırışlarını dəstəkləmişdi.
O, həmçinin Suriyanın bütün əraziləri üzərində uçuşsuz zonanın tətbiqini təklif etmiş və Livanın "Hizbullah" hərəkatını Suriyanın işlərinə qarışmamağa çağırmışdı.