...

Mərakeşin Azərbaycandakı səfiri: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir (MÜSAHİBƏ)

Siyasət Materials 26 İyul 2013 08:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir S.Əhmədova/

Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Haminin Mərakeşin milli bayramı - Kral VI Məhəmmədin taxta çıxmasının ildönümü ərəfəsində Trend-ə müsahibəsi

- Azərbaycan və Mərakeş arasında siyasi sahədə əməkdaşlığın prioritetləri hansılardır?

- Mərakeş və Azərbaycan arasında siyasi sahədə əlaqələr çox yaxşı səviyyədədir. Hər iki ölkənin başçıları səfirləri əlaqələri daha da artırmaq üçün təlimatlandırıb. Biz birgə əməkdaşlıq edirik. Münasibətlər çox yaxşı səviyyədədir. Beynəlxalq səviyyədə mövqelərimizi koordinasiya edirik. Bildiyiniz kimi, Mərakeş və Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Biz təkcə öz milli maraqlarımızı deyil, digər dost ölkələrin də milli maraqlarını müdafiə etmək üçün birgə fəaliyyət göstəririk. Biz ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən razıyıq.

- İki ölkə arasında ticari və iqtisadi sahələrdə əməkdaşlıq hansı səviyyədədir?

- Ticarət əlaqələrini inkişaf etdirmək üçün ilk növbədə ikiqat vergi qoyma, investisiyaların təşviqi və qorunması və digər sahələrdə sazişlər imzalamalıyıq. Saziş layihələri artıq imzalanması üçün hazırdır. Biz bu sazişlərin imzalanması üçün yaxın zamanda, bu ilin sonuna kimi ikitərəfli birgə komissiyanın iclasının keçirilməsini gözləyirik. Bizim bir çox sazişlərimiz imzalanma üçün hazırdır. Lakin bu iki hüquqi sənədin imzalanması iki ölkə arasında münasibətlərə təkan vermək üçün çox vacibdir. Bu, iş adamlarına hər iki ölkəyə investisiya yatırımı üçün yaxşı siqnal olacaq. Mərakeş Azərbaycana öz təcrübəsini təklif etməyə hazırdır. Azərbaycanın da bir çox sahələrdə təcrübəsi var. Biz əlaqələrimizi inkişaf etdirmək üçün əməkdaşlıq etməyə və birgə səylərimizi koordinasiya etməyə hazırıq.

- Rəsmi Rabatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?

- Biz hesab edirik ki, bu məsələnin yeganə həlli yolu danışıqlar yoludur. Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupu həll yolunu tapmağa çalışırlar. Lakin bu məsələnin həlli münaqişənin əsas tərəfləri - Azərbaycan və Ermənistandan asılıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində və danışıqlar yolu ilə həll olunmalıdır. Bu münaqişəyə dair bir çox qətnamələr var. Onların hamısı Azərbaycanın xeyrinədir. Buna görə də ümid edirik ki, danışıqlar tez bir zamanda öz nəticəsini verəcək və hesab edirəm ki, beynəlxalq cəmiyyət, xüsusilə, Mərakeşin də üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı bu məsələdə Azərbaycanı dəstəkləyir. Biz ümid edirik ki, danışıqlar yaxın gələcəkdə öz nəticəsini verəcək.

- Yaxın zamanda rəsmi səfərlər planlaşdırılırmı?

- Hər il iki ölkə arasında səfərlərin sayı artır. Qeyd etmək istərdim ki, yalnız bu il Mərakeşdən üç nazir, parlament üzvləri və digər rəsmilər Azərbaycana səfər ediblər. Həmçinin Azərbaycan nümayəndə heyəti Mərakeşdə səfərdə olub. Belə səfərlərin sayı artır. Biz ümid edirik ki, bu il birgə komissiyanın toplantısı Rabat şəhərində keçiriləcək. Bu komissiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Mərakeş Krallığının xarici işlər naziri Saaddin El Otmani sədrlik edir. Bildiyiniz kimi, xarici işlər nazirlərinin iş cədvəli çox gərgindir, bu səbəbdən də birgə komissiyanın iclasının keçirilməsi üçün müvafiq tarixi razılaşdırmalıyıq. Əgər iclas qısa zaman ərzində baş tutarsa, Azərbaycan və Mərakeş hökumətləri ölkələrimiz arasında əlaqələrə təkan verəcək ən azı 13-14 saziş imzalaya biləcək. Oktyabr ayında bir çox Mərakeş rəsmilərinin, xüsusilə, nazirlər, parlament spikeri və digərlərinin Azərbaycana səfəri gözlənilir.

- Sizcə, dünyada islamofobiyanın artmasına səbəb nədir?

- Bu problem insanlar arasında anlaşılmazlıqdan doğan problemdir. İslamofobiya İslam dinini yaxşı anlaya bilməyən insanların müsəlmanlara qarşı bəslədiyi nifrət hisslərinin artırması deməkdir. Düşünürəm ki, müsəlmanlar da öz dinlərini çox yaxşı müdafiə etmirlər. Bundan başqa, hesab edirəm ki, bu, ünsiyyət problemidir. İnsanlar bir-biri ilə ünsiyyət qurmurlar. İnternet və sosial şəbəkələrdən ilk məlumatlar əldə edirlər və bəzən bu məlumatlar dəqiq olmur. Buna baxmayaraq, insanlar həmin məlumatlara əsaslanırlar. Düşünürəm ki, əgər siz özünüzə və mədəniyyətinizə güvənirsinizsə, o zaman onu özünüzün və başqalarının təhlükəsizliyini təhlükə altına atmadan müdafiə etməlisiniz. Biz müsəlman olaraq aqressiv davranmamalıyıq. Biz əvvəlcə İslam dininin nə demək olduğunu izah etməliyik. İslamofobiya mövcuddur, eyni zamanda ksenofobiya, irqçilik və sosial ostrasizm də mövcuddur. Bunlar insan davranışının bir hissəsi deməkdir. Bəzən müdrik olmaq və dialoq yolu ilə öz mövqeyini izah etməyə cəhd etmək lazımdır. Ona görə də Azərbaycan, Mərakeş və bir çox digər ölkələr mədəniyyətlərarası, sivilizasiyalararası dialoqu, insan inkişafı üzrə dialoq mövzusunda beynəlxalq konfransın çağırılması ilə bunu etməyə çalışır. Kainat çox böyükdür və hər kəs orda yaşaya bilər. Mədəniyyətinizin digər mədəniyyətlərdən üstün olduğunu göstərməyə çalışmağa heç bir ehtiyac yoxdur. Biz hamımız insanıq, biz birlikdə yaşamalıyıq və yaşamaq üçün dünyanı daha gözəl bir məkana çevirməyə çalışmalıyıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti