Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir S.Ağayeva/
"Yeni Müsavat" qəzetində dərc olunan Azərbaycan Xarici İşlər Nazirliyi barədə məqalə böhtan xarakteri daşıyır və həqiqəti əks etdirmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında XİN-in mətbuat katibi Elman Adullayev bildirib.
Abdullayevin sözlərinə görə, əvvəllər XİN-də işləyən anonim müəllifin məktubu əsasında yazılan məqalədə göstərilən detallardan heç biri öz təsdiqini tapmır.
"Məktubda müəllif göstərir ki, XİN-in hansısa bir əməkdaşı üçaylıq təcrübə keçdikdən sonra Azərbaycanın İstanbuldakı Baş konsulluğuna attaşe vəzifəsinə göndərilib. Məqalənin dərc olunmasından sonra XİN daxili araşdırma aparıb və belə bir faktın olmadığı məlum olub".
O, həmçinin vurğulayıb ki, statusundan və valideynlərinin vəzifələrindən asılı olmayaraq istənilən Azərbaycan vətəndaşı diplomatik işin tələblərinə uyğundursa, nazirlikdə işə düzələ bilər.
XİN-in rəsmi nümayəndəsi bildirib: "Diplomatik xidmətə qəbul üçün konkret tələblər var: vətəndaşlıq, bir neçə xarici dil bilmək, geniş dünya görüşü və biliklər, məhkumluğunun olmaması və s. Bu tələblərə cavab verən şəxslər xüsusi imtahanlar verir, müsahibədən keçir və yalnız bundan sonra xüsusi komissiya işə götürülmə və rədd cavabı vermək barədə qərar qəbul edir".
Nazirliyin kadrlar şöbəsinin ünvanına edilən ittihamlar haqqında danışan Abdullayev vurğalayıb ki, bu ittihamların heç bir əsası yoxdur və onlar gülüncdür.