Azərbaycan, Bakı, 29 sentyabr/ Trend, S.Əhmədova /
Litva Prezidenti Dalya Qribauskayte ölkənin Azərbaycan və Macarıstandakı səfirləri Arturas Jurauskas və Renatas Yuşkanın geri çağrılması barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Litva prezidentinin rəsmi internet səhifəsində bildirilir.
Səfirlər sentyabrın 30-dan öz vəzifələrindən geri çağırılacaqlar.
Xatırladaq ki, Litva hökuməti çərşənbə günü ölkə Prezidentinə səfirlər Arturas Jurauskas və Renatas Yuşkanın geri çağrılması barədə qərarın qəbul edilməsini təklif etmişdir.
Qeyd edək ki, iyulun 8-də "YouTube" video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənilib. Söhbət "Şərq Tərəfdaşlığı" proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis, dogər həmsöhbət Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka, Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas və Litva XİN əməkdaşı Qediminas Kasputis arasında gedib.
Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər, Litva parlamentində "Dağlıq Qarabağla dostluq qrupu"nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R.Yuşka telefon söhbətində Dağlıq Qarabağın "Artsax" adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.