...

Milli Məclis Azərbaycan və Gürcüstan arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığı müzakirə edib

Siyasət Materials 4 Oktyabr 2013 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsi cümə günü keçirilən iclasında "Azərbaycan hökuməti və Gürcüstan hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında" sazişi müzakirəyə çıxarıb.

Komitə sədri, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov iclasda bildirib ki, Azərbaycan qonşu dövlətlərdə baş verən təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasında yaxından iştirak edir. Z.Əsgərovun sözlərinə görə, müzakirəyə çıxarılan sənəd Gürcüstanla Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin ruhuna uyğun olaraq hazırlanıb, fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı bütün məsələlər detallarına qədər işlənilib.

Birinci vitse-spiker qeyd edib ki, saziş fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq tədbirlərinin hər iki dövlətin inkişafına və təhlükəsizliyinə töhfə verə biləcəyini nəzərə alaraq hazırlanıb.

Sazişdə birgə İşçi qrupunun fəaliyyəti, yardım istəmək və məlumat mübadiləsinin müddəaları, tranzit, yardım əməliyyatlarının əlaqələndirilməsi və həyata keçirilməsi, dövlət sərhədlərinin keçilməsi, hava gəmilərindən istifadə, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq və digər müddəalar öz əksini tapır.

Saziş Milli Məclisinin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti