...

Milli Şura Sabirabadda seçicilərlə görüş-mitinq zamanı təxribata cəhd göstərib (FOTO)

Siyasət Materials 5 Oktyabr 2013 13:04 (UTC +04:00)
2013-cü il oktyabrın 4-də Milli Şuradan prezidentliyə namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin Sabirabad seçiciləri ilə şəhər stadionunda görüşü zamanı qarşıdurma yaranıb.
Milli Şura Sabirabadda seçicilərlə görüş-mitinq zamanı təxribata cəhd göstərib (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

2013-cü il oktyabrın 4-də Milli Şuradan prezidentliyə namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin Sabirabad seçiciləri ilə şəhər stadionunda görüşü zamanı qarşıdurma yaranıb.

Bəzi müxalifət saytlarında və bir sıra mətbu nəşrlərdə təxribat cəhdlərinin arxasında rayon rəhbərliyinin dayandığı barədə yazılar yer alıb. Sabirabad Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, prezidentliyə namizəd Cəmil Həsənlinin müraciətinə əsasən, 4 oktyabr 2013-cü il tarixdə, saat 11:00-dan 13:00-dək seçicilərlə şəhər stadionunda görüş keçirilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən razılıq verilib. Lakin onlar "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq görüş-mitinqə həmin gün saat 13:25-dən başlayıblar.

Məlumatda qeyd edilir ki, görüş-mitinqdə Milli Şurada təmsil olunan partiyalardan kənardan gətirilən təxminən 50-60 nəfər də daxil olmaqla təxminən 150-160 nəfər iştirak edib. Bununla yanaşı bildirilib ki, görüşdə iştirak etmək arzusunda olan bir qrup sabirabadlı seçicilərin stadiona daxil olmasına Milli Şura tərəfdarları əngəl törədiblər. Görüşdə çıxış edənlər - Pənah Hüseyn, Əli Kərimli, Arif Hacılı və Cəmil Həsənli sabirabadlıların heysiyyatına toxunan, dövlətçiliyə və onun rəhbərinə qarşı yönələn təhqiramiz hərəkətləri və çağırışları ilə görüşdə iştirak etmələrinə ciddi maneələr yaradılmış seçiciləri bilərəkdən provokasiyaya çəkməyə cəhd göstəriblər. Hətta əslən sabirabadlı olan Pənah Hüseyn görüşə gələn camaatın üzərinə şığıyaraq hücum çəkib və onları küçə söyüşləri ilə təhqir edib.

Həmçinin, görüşdə iştirak edən "Kür" Vətəndaş Cəmiyyətinin rəhbərlərindən biri, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev mitinqə gələnlərlə sadə insanlar arasında qızışdırıcı təbliğat aparıb. Lakin onlar təxribata uymayıblar, əksinə, ona tutarlı cavablar verərək bir ağızdan "Rədd olun Sabirabaddan" deyiblər.

Qarşıdurmaya yol verməmək üçün yerli dövlət və hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görülüb. 30 dəqiqəyə yaxın çəkən mitinq insdentsiz başa çatıb.

Məlumatda həmçinin xüsusi olaraq vurğulanıb ki, mətbuat işçilərinin döyülməsi və İcra Hakimiyyəti işçilərinin mitinqdə iştirakı barədə yazılanlar böhtandan başqa bir şey deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti