...

Prezident İlham Əliyev: Biz İrəvana, Zəngəzura, Göyçəyə mütləq qayıdacağıq

Siyasət Materials 7 Oktyabr 2013 19:32 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əfsuslar olsun ki, son aylar ərzində heç bir irəliləyiş yoxdur.
Prezident İlham Əliyev: Biz İrəvana, Zəngəzura, Göyçəyə mütləq qayıdacağıq

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əfsuslar olsun ki, son aylar ərzində heç bir irəliləyiş yoxdur. Ancaq biz bu aylar və əvvəlki illər ərzində Azərbaycanı böyük dərəcədə gücləndirə bilmişik. Bu gün Ermənistan ilə Azərbaycan arasındakı fərq dərinləşir, böyüyür. Azərbaycan dinamik inkişaf edən güclü dövlətdir, Ermənistan isə ildən-ilə zəifləyən və yoxsullaşan bir ölkədir. Trend-in məlumatına görə, bunu oktyabrın 6-da Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident deyib ki, regional vəziyyətlə, regionda baş verən hadisələrlə bağlı Azərbaycanın çox ciddi mövqeyi, müstəqil yanaşması vardır: "Biz daim müstəqil mövqe nümayiş etdiririk. Bizim mövqeyimiz beynəlxalq hüquqa, ədalətə söykənir. Bu yanaşma deyə bilərəm ki, dünyada da dostlarımızın sayını artırır. Son hadisələr bir daha onu göstərdi ki, Ermənistan öz hesabına yaşaya bilmir, asılı vəziyyətdədir. Artıq Ermənistanın yüksək vəzifəli şəxsləri də etiraf etməyə məcbur olmuşlar ki, Ermənistan öz təhlükəsizliyini özü təmin edə bilmir. Bu, əslində iflasın etirafıdır. Bu, əslində məğlubiyyətin etirafıdır. Çünki əgər bir ölkə 22 ildir müstəqil ölkə kimi özünü təqdim etməyə çalışır, etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, o ölkə müstəqil ölkə kimi yaşaya bilməz. Sadəcə olaraq, buna vaxt lazımdır və əminəm ki, regionda gedən proseslər, güclənən Azərbaycan, tamamilə dəyişən güclər nisbəti bizi məqsədimizə çatdıracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Mənim şübhəm yoxdur ki, belə də olacaqdır. Sadəcə, biz siyasətimizi bundan sonra da davam etdirməliyik. Bizim siyasətimiz həm tarixi ədalətə söykənir, eyni zamanda beynəlxalq hüquq normaları da bizim mövqeyimizi müdafiə edir".

Dövlət başçısı deyib ki, iqtisadi sahədə Azərbaycan Ermənistandan ən azı 10 dəfə güclüdür: "Hərbi sahədə də üstünlüyü əldə edə bilmişik. Sadəcə olaraq, geosiyasi vəziyyət və bölgədə gedən proseslər hələ ki, bizi sülh danışıqlarına sövq edir. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır və Ermənistan çox ciddi təhlil apararaq, real vəziyyəti dərk edərək ona aid olmayan torpaqlardan çəkiləcək və beləliklə, qan tökülmədən Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Ancaq biz onu da bilirik ki, dünyada beynəlxalq hüquq normaları bir çox hallarda kobudcasına pozulur, onlara məhəl qoyulmur, ikili standartlar mövcuddur. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri saatlar içərisində icra edilir. Bizim məsələdə isə 20 ildən artıqdır ki, bu qətnamələr qəbul edilib, amma icra edilmir və heç kim də Ermənistanı məcbur etmir ki, o qətnamələr icra edilsin. Burada əlbəttə ki, biz yenə də ikili standartlarla üzləşirik. Artıq bu, sirr deyildir. Bizim üçün çoxdan sirr deyildir. Əminəm ki, Azərbaycan xalqı da bu məsələləri yaxşı dərk edir və anlayır ki, ikili standartlar, bəzi hallarda Azərbaycana qərəzli münasibət, Ermənistana əsassız xoş münasibət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində ən böyük əngəldir. Ancaq biz öz səylərimizi davam etdirəcəyik. Biz daha da güclü olmalıyıq. Həm diplomatiyada, siyasətdə, iqtisadi, regional təşəbbüslərdə biz Ermənistanı bundan sonra da təcrid vəziyyətində saxlamalıyıq və saxlayacağıq. Ermənistanda depopulyasiya sürətlə baş alıb gedir. Hər il 80-90 min əhali azalır və belə getsə 5-10 ildən sonra bir milyondan az əhali olacaqdır və demoqrafiya özü bir çox məsələləri həll edəcəkdir".

İlham Əliyev vurğulayıb ki, Azərbaycanda isə demoqrafik vəziyyət çox müsbətdir: "Əhali artır. Özü də əhalimizin əksəriyyəti gənclərdir, çox fəaldırlar. Beləliklə, münaqişənin həlli qaçılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, işğal edilmiş digər torpaqlarda Azərbaycan bayrağı qaldırılacaqdır.
Əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, azərbaycanlılar nəinki işğal edilmiş torpaqlarda, bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bu, bizim suveren hüququmuzdur. Soydaşlarımız nəinki Dağlıq Qarabağdan, tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan, Göyçədən də zorla çıxarılıbdır, deportasiya edilibdir, 1940-1950-ci illərdə, ondan sonra 1980-ci illərdə. Bu, böyük ədalətsizlikdir. Biz o torpaqlara da qayıdacağıq, mütləq qayıdacağıq. Gənc nəsil o arzularla, o fikirlərlə yaşamalıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Ümumiyyətlə, xalqımıza məxsus olan bütün tarixi torpaqlarımızda azərbaycanlılar yaşayacaqlar, yaşamalıdırlar. Bunu etmək üçün biz indidən öz siyasətimizi aparırıq.
Ona görə regionda gedən proseslərdə güclənən Azərbaycan artıq beynəlxalq amilə çevrilibdir. Ümid edirəm ki, bu, Ermənistan rəhbərliyinə çox ciddi siqnal olacaqdır ki, münaqişənin tezliklə həlli, o cümlədən onların da xeyrinədir".

Xarici siyasətlə bağlı olan digər məsələlərin uğurla həll edildiyini deyən Prezident qeyd edib: "İl ərzində mənim çoxsaylı təmaslarım, həmkarlarımla görüşlərim bir daha göstərir ki, Azərbaycanın dünyada dostlarının, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Keçən rübdə yüksək səviyyəli dövlət və hökumət nümayəndələrinin səfərləri bir daha Azərbaycanın xarici siyasətlə bağlı uğurlu addımlarının təzahürüdür. Keçən rübdə İtaliyanın Baş nazirinin Azərbaycana uğurlu səfəri olmuşdur. İtaliya Avropanın, dünyanın aparıcı ölkələrindən biridir. Bizi çox gözəl münasibətlər bağlayır. Tarixdə ilk dəfə İtaliyanın Baş naziri Azərbaycana səfər etmişdir. Səfərin nəticələri çox müsbət olmuşdur. Ondan bir neçə gün sonra Rusiyanın Prezidenti Azərbaycana səfər etmişdir. O səfər də çox uğurlu idi. Bu səfərin də Rusiya-Azərbaycan strateji əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyəti var idi. Bütün məsələlərlə bağlı əldə edilmiş razılaşmalar gələcəkdə də Rusiya-Azərbaycan əlaqələrinin uğurla inkişaf etməsini təmin edəcəkdir. Əminəm ki, həm siyasi, həm iqtisadi sahədə bundan sonra da gözəl nəticələr olacaqdır. Ondan bir neçə gün sonra Azərbaycanda Türkdilli Dövlətlərin Zirvə görüşü keçirilmişdir. Türkiyə, Qazaxıstan, Qırğızıstan prezidentləri Azərbaycana gəlmişlər. Yəni, bütün bu səfərlər təxminən bir həftə -10 gün ərzində baş vermişdir. Bu, əslində bir göstəricidir. Çünki həm Avropa ilə, həm qonşularımızla, həm türkdilli dövlətlərlə bizim çox sıx, qarşılıqlı hörmət və etimad əsasında qurulmuş münasibətlərimiz vardır. Bu münasibətlərin bundan sonra da inkişafı şübhə doğurmur".

İlham Əliyev bildirib ki, Azərbaycanın bütün xarici tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı maraqlar üzərində qurulub: "Hesab edirəm ki, müstəqillik dövründə bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də nümunə ola bilər. Biz öz milli maraqlarımızı müdafiə edirik, necə lazımdır müdafiə edirik. Eyni zamanda, biz bütün ölkələrlə əməkdaşlığa açığıq. Bizim xarici siyasətlə bağlı yanaşmamız əməkdaşlıq üzərində qurulubdur. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Görəndə ki, kimsə bizim daxili işimizə qarışmaq istəyir əlbəttə ki, buna kəskin reaksiya verilir və biz buna da imkan vermirik. Son on ilin təcrübəsi göstərir ki, belə səylər əbəsdir. Əgər əvvəllər kimsə hesab edirdi ki, Azərbaycana təzyiq etmək, hansısa məsələlərin həllində təsir etmək olar, hesab edirəm ki, indi ölkələrin, xarici, beynəlxalq qurumların əksəriyyəti dərk edir ki, bizimlə diktat dili ilə danışmaq mümkün deyildir. Adekvat reaksiya olacaqdır və ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Heç kimdən asılı, heç kimin qarşısında gözükölgəli deyil, öz yolu ilə, müstəqillik, inkişaf yolu ilə gedir və bundan sonra da gedəcəkdir. Hər bir ölkə ilə münasibətləri biz bax bu əsaslar üzərində qururuq. Hesab edirəm ki, bu sahədə də qeyd etdiyim kimi, bizim təcrübəmiz bəzi ölkələr üçün çox maraqlı ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti