Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İzzət/
Çexiya parlamentində Senatın üç başlıca partiyası - Sosial-Demokrat Partiyası (CSSD), Vətəndaş Demokrat Partiyası (ODS) və Vətəndaşların Hüquqları Partiyası - Zemanovçini (SPOZ) təmsil edən nümayəndə heyəti Azərbaycana 8-11 oktyabr 2013-cü il tarixlərində baş tutmuş səfərləri çərçivəsində 9 oktyabr prezident seçkilərini müşahidə etmək imkanı qazanıb və müvafiq olaraq, seçkilərin yaxşı təşkil edilmiş, dinc, sakit və şəffaf şəkildə və bütün dünyada qəbul edilmiş demokratik, azad və ədalətli seçki standartlarına tam uyğun keçdiyini qeyd ediblər.
Trend-in məlumatına görə, Çexiya nümayəndə heyətinin bəyanatında deyilir ki, bir çox əvvəlki seçkilərdən fərqli olaraq, başlıca müxalifət partiyalarının iştirakı ümumilikdə seçki prosesində böyük canlanma yaradıb.
Nümayəndə heyəti eyni zamanda seçici sayının yüksək olduğunu qeyd edir.
Çexiya siyasətinin həm sağçı, həm də solçu mərkəz partiyalarını təmsil edən nümayəndə heyətinin üzvləri, həmçinin öz ümidlərini ifadə edirlər ki, seçkilər nəinki Azərbaycanın demokratiyanın möhkəmləndirilməsi yolundakı irəliləyişində dönüş nöqtəsi olacaq, eyni zamanda, regionlarımızın daha da yaxınlaşmasına kömək edəcək.
Çex Respublikası strateji tərəfdaş və müttəfiq kimi, Azərbaycanın demokratiyanın möhkəmləndirilməsi sahəsində davamlı irəliləyişi üçün onunla əməkdaşlıq və ona kömək təmin etməyə hazırdır.