...

Beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini müsbət qiymətləndirib

Siyasət Materials 10 Oktyabr 2013 10:54 (UTC +04:00)
Avropa Akademiyasının Seçkiləri Müşahidə Missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini müsbət qiymətləndirib

Azərbaycan, Bakı, 10 oktyabr / Trend, müxbir S.Əhmədova/

Avropa Akademiyasının Seçkiləri Müşahidə Missiyası Azərbaycanda keçirilən prezident seçkilərilə bağlı bəyanat yayıb. Trend-in məlumatına görə, bəyanatda bildirilir ki, missiyaya Avropa İttifaqının 24 ölkəsi və Kanadanı təmsil edən 135 deputat və siyasi ekspertlər daxil olub. Missiya 125 seçki dairəsindən 45-də olub.

Bəyanatda bildirilir ki, 2013-cü il 9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara müvafiq və 2009-cu ilin referendumunda təsdiqlənmiş yeni Seçki Məcəlləsi əsasında keçirilib. Sənəddə bildirilir ki, ölkədə çoxsaylı məcburi köçkünün olmasına baxmayaraq, müşahidəçilər seçicilərin qeydiyyatı ilə bağlı mühüm problemlər müşahidə etməyiblər. Qeyd olunub ki, müşahidəçilər namizədlərə pulsuz və ödənişli efir vaxtının verilməsini və mətbuatda nəşr üçün yer ayrılmasını müsbət qiymətləndiriblər.

Bəyanatda deyilir ki, seçicilərin yüksək fəallığı müşahidə edilib və seçkilər dinc şəkildə keçirilib. Seçki komissiyası və digər aşağı səviyyəli komissiyalar seçkilərə texniki baxımından hazır idi və seçkilər yaxşı təşkil olunub. İştirak sərbəst və könüllü idi, seçki məntəqələrə getməklə bağlı məhdudiyyətlər yox idi. Səslərin hesablanması və nəticələrin açıqlanması sərbəst aparılıb.

Sözügedən təşkilat bildirib ki, bu il keçirilən seçkilər demokratiyanın nisbətən gənc olduğu Azərbaycanda demokratik seçkilərin möhkəmlənməsi, beynəlxalq standartlara müvafiqliyi baxımından növbəti irəliləyişin göstəricisidir.

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 72 faizindən daxil olan protokollara əsasən 84,73 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti