Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Hüseynov/
Dekabrın 4-5-də İstanbulda keçiriləcək Xəzər Forumunda dünyanın 30-35 ölkəsinin yüksəkvəzifəli rəsmi şəxsləri və qabaqcıl ekspertləri iştirak edəcəklər. Bu barədə Trend-ə HASEN - Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş bildirib.
Onun sözlərinə görə, bu, İstanbulda keçirilən ikinci Xəzər Forumu olacaq: "Forumda enerji, təhlükəsizlik və Xəzər tranzit dəhlizi sahələrinə aid məsələlər müzakirə olanacaq".
H.Yavaş deyib ki, təhlükəsizlik məsələlərində "Cənub qaz dəhlizi"nə xüsusi önəm veriləcək: "Nəzərə almaq lazımdır ki, 2014-cü ildə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin həyata keçirilməsinə başlanılacaq".
Baş katibin sözlərinə görə, Forumda Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, ABŞ, İsrail, Balkan ölkələri, Avropa İttifaqı və regionun digər ölkələrindən yüksəkvəzifəli şəxslərin və nümayəndələrin iştirak edəcəyi gözlənilir:
"Forumun birinci günündə panel diskussiyaları zamanı "Xəzər regionu məkanında maliyyə bazarlarının inkişafı" mövzusunda müzakirələr aparılacaq. Rəsmi açılışdan sonra ikinci gün "Xəzər tranzit dəhlizi: Böyük İpək Yolunun dirçəlişi", ardınca isə "Cənub dəhlizi: regional enerji resursları üçün əsas boru kəməri" mövzuları müzakirəyə çıxarılacaq. Həmçinin, növbəti Xəzər mükafatlandırma mərasiminin keçirilməsi gözlənilir. Mərasimdə ilin dövlət xadimi, elm, idman və mədəniyyət nümayəndələri öz mükafatlarını alacaqlar".
HASEN rəhbəri qeyd edib ki, İstanbul forumundan sonra bənzər mövzular fevralda Brüssel Xəzər Forumunda, sentyabrda Nyu-York Xəzər Forumunda və ola bilsin, daha iki şəhərdə müzakirə ediləcək.