...

Argentinada "Azərbaycanı kəşf et" adlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 29 Noyabr 2013 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın Argentinadakı səfirliyində Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunun (ISEN) tələbə və müəllim heyəti üçün "Azərbaycanı kəşf et" adlı tədbir keçirilib.

Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir səfirlik və Azərbaycan Diplomatik Akademiyasının (ADA) məzunu, hazırda ISEN-də təhsil alan azərbaycanlı tələbə Elnarə Rzayevanın birgə təşkilatçılığı ilə təşkil olunub.

ISEN-in müəllim və tələbələrini salamlayan səfir Məmməd Əhmədzadə ölkəmizin tarixi, mədəniyyəti, bugünkü reallığı, xarici siyasəti, sosial-iqtisadi inkişafı, Azərbaycan-Argentina münasibətləri barədə danışıb. ISEN və ADA arasındakı əməkdaşlığın iki ölkə arasındakı münasibətlərə verdiyi töhfələrdən bəhs edən M.Əhmədzadə bu xüsusda cari ilin avqust ayında ISEN-də Azərbaycanla bağlı, noyabr ayında isə ADA-da Argentina ilə bağlı keçirilmiş tədbirləri xüsusi vurğulayıb.

Tədbirdə Azəbaycanın mədəni irsini, sosial həyatını, hazırkı inkişafını, xarici siyasət prioritetlərini, ölkəmizdə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirləri, xüsusilə də 2015-ci il I Avropa Olimpiya Oyunlarına hazırlığı əks etdirən videoçarxlar nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçılara Azərbaycan haqqında müxtəlif nəşrlər paylanılıb.

Tədbirdə Argentina Xarici İşlər və Etiqad Nazirliyinin rəsmiləri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti