...

İlham Əliyev Dağıstan Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 26 Dekabr 2013 17:03 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İlham Əliyev Dağıstan Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin genişləndirilməsində ölkəmiz ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Dağıstan Respublikası arasında əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Prezident İlham Əliyev Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun ölkəmizə səfərinin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, eləcə də Dağıstan Respublikası ilə tarixi və mədəni köklərə əsaslanan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev səfərin iqtisadi sahədə əməkdaşlığa dair məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını dedi.

Ramazan Abdulatipov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Dağıstan ilə Azərbaycan arasında münasibətlərin fəal şəkildə davam etdirilməsinə önəm verdiyini söylədi. Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli dövlət xadimi Əziz Əliyevin xatirələrini ehtiramla yad etdiklərini vurğulayan Ramazan Abdulatipov Dərbənddə Heydər Əliyevin xatirəsinə yeni xiyaban və parkın salınması istiqamətində də işlərin görüləcəyini dedi.

Dövlətimizin başçısı Dağıstanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayaraq bunun xalqımız tərəfindən əlaqələrimizin daha da gücləndirilməsi işində böyük xidmətlər göstərmiş Ulu Öndərə olan ehtiramın və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin təcəssümü kimi dəyərləndirildiyini dedi. Prezident İlham Əliyev görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinin bir hissəsinin Dağıstanla bağlı olmasını da məmnunluqla xatırladı.

XXX

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov birgə nahar etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti