...

Səfir: Türkiyədəki antikorrupsiya əməliyyatlarından edilən spekulyasiyalar "qış qripinin ağrısı"dır

Siyasət Materials 23 Yanvar 2014 16:23 (UTC +04:00)
Türkiyədə ötən il dekabrın 17-də keçirilmiş antikorrupsiya əməliyyatlarının ölkə iqtisadiyyatına ciddi təsiri olmayacaq. Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun deyib.
Səfir: Türkiyədəki antikorrupsiya əməliyyatlarından edilən spekulyasiyalar "qış qripinin ağrısı"dır

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/

Türkiyədə ötən il dekabrın 17-də keçirilmiş antikorrupsiya əməliyyatlarının ölkə iqtisadiyyatına ciddi təsiri olmayacaq. Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun deyib.

Səfirin sözlərinə görə, Türkiyə iqtisadiyyatının son illər əldə etdiyi uğurlar təsadüfi deyil və çox güclü təmələ söykənir. Bu səbəbdəndir ki, dünyada iqtisadi böhran yaşandığı bir vaxtda Türkiyə iqtisadiyyatı bundan başıuca çıxa bilib: "Həm bankçılıq, həm də maliyyə sistemimizi ağıllı, sağlam bünövrə üzərində qurmuşuq. Ona görə də son hadisələrdən sonra çoxlu spekulyasiyalar edilir, təbii ki, oyunlar gedir, bir sıra qısamüddətli dəyişikliklər var. Buna baxmayaraq, Türkiyə iqtisadiyyatının nəzərəçarpacaq qədər zərər görəcəyini təxmin etmirəm".

Diplomat qeyd edib ki, bu hadisələr Türkiyəni zəiflətməyəcək, əksinə, daha da güclənməsinə gətirib çıxaracaq: "Hamı bunu anlamalıdır ki, Türkiyə hüquq dövləti anlayışı ilə işləyən yalnız bir dövlətin gücünün mövcud olduğu və dolayısı ilə bu hadisələrdən də güclənərək çıxa biləcək bir ölkədir. Ona görə də edilən spekulyasiyaların, narahatlıqların hamısını yersiz hesab edirəm. Buna bir az "qış qripinin ağrısı" kimi baxın. Türkiyə bu xəstəlikdən güclənərək çıxacaq".

Qeyd edək ki, 2013-cü il dekabrın 17-də İstanbulda və Ankarada keçirilən xüsusi əməliyyat zamanı onlarla şəxs, o cümlədən bir neçə nazirin övladı və tanınmış iş adamları saxlanılıb. Saxlamalar korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışı ittihamları əsasında həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti