Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir S.Əhmədova/
Ermənistan silahlı qüvvələrinin (SQ) Azərbaycan ərazilərinin işğalını davam etdirməsi Dağlıq Qarabağ münaqişənin həllini mümkünsüz edir və işğal faktı regionda sülh və sabitliyin bərqərar olmasına imkan vermir. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Trend-ə bu gün verilən məlumata görə, bunu səfir Fəxrəddin Qurbanov martın 4-də London Diplomatiya Akademiyasında "Azərbaycan-Böyük Britaniya münasibətləri" mövzusunda təşkil edilmiş diplomatik forumda çıxışı zamanı deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir münaqişənin yaranma tarixi və hazırda davam etdirilən sülh prosesi haqqında dinləyicilərə məlumat verib. F.Qurbanov Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın əhəmiyyətini vurğulayıb. Səfir Xocalı soyqırımı haqqında da məlumat verib, "Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyətini qeyd edib.
Azərbaycanın xarici siyasət prioritetləri və istiqamətləri haqqında danışan səfir F.Qurbanov həyata keçirilən siyasi kurs nəticəsində ökəmizin beynəlxalq nüfuzunun artdığını qeyd edib, 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələrdən bəhs edib.
F.Qurbanov Azərbaycan və Böyük Britaniya arasındakı siyasi, iqtisadi, mədəni və təhsil sahələrində sürətlə inkişaf edən münasibətləri ətraflı təhlil edib. 2013-cü ilin sonlarında xarici işlər naziri Elmar Məmmədyarovun Böyük Britaniyaya və onun həmkarı Uilyam Heyqin ölkəmizə qarşılıqlı səfərləri iki ölkə arasındakı ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisələrindəndir.
İki ölkə arasındakı iqtisadi əməkdaşlıqdan bəhs edən səfir xüsusilə enerji sahəsində dinamik əməkdaşlığın əhəmiyyətini qeyd edib və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən bəhs edib.
Təhsil, ticarət və digər sahələrdə əməkdaşlığa toxunan diplomat iki ölkə arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Ölkələrimiz arasındakı münasibətlərin təhlilindən sonra səfir Fəxrəddin Qurbanov diplomatiya sahəsindəki təcrübələrini akademiyanın tələbələri ilə bölüşüb.
Daha sonra səfir dinləyicilərin suallarını cavablandırıb.
Akademiyanın kitabxanasına ölkəmizin xarici siyasəti, tarixi, mədəniyyəti, adət-ənənəsi və turizm imkanlarından bəhs edən elmi kitablar hədiyyə edilib.
Forumda London Diplomatiya Akademiyasının müəllim və tələbələri, bir sıra ölkələrin diplomatları iştirak ediblər.