Azərbaycan, Bakı, 12 mart /Trend/
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 10-11 mart tarixlərində Çili Respublikasında Prezident mandatının Sebastian Pinera Eçenikedən yeni seçilmiş Prezident xanım Mişel Baçeletə keçməsi mərasimində Azərbaycan Respublikası hökuməti adından iştirak etmək məqsədilə Çilidə səfərdə olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin birinci günü nazir Əli Abbasov mandatını başa vurmaqda olan Prezident Sebastian Pinera və onun hökumətindəki xarici işlər naziri cənab Alfredo Morenonun adından təşkil olunmuş rəsmi tədbir və qəbullarda iştirak edib.
11 mart tarixində isə yeni prezident Mişel Baçelet və onun hökumət üzvlərinin andiçmə mərasimində iştirak edən nazir Çilinin dövlət başçısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən xoş arzularını və səmimi təbriklərini çatdırıb. Səfər çərçivəsində son olaraq nazir Çilinin yeni daxili işlər naziri Rodriqo Penailillonun adından xarici nümayəndə heyətləri başçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda da iştirak edib.