Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan və Əfqanıstan iki suveren müstəqil dövlətdir, onlar bir-birini tanıyır və əməkdaşlıq, dostluq edirlər. Bu əlaqələr tarixi ənənəyə arxalanır və gələcəkdə də davam edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, hazırda Əfqanıstandakı vəziyyət NATO-nun İSAF qüvvələri Əfqanıstandan çıxarılandan sonra əlbəttə ki, dəyişəcək: "Çünki Əfqanıstan hökuməti öz ərazisində tam məsuliyyəti öz üzərinə götürəcək. Əlbəttə ki, Azərbaycan dost ölkə olaraq Əfqanıstanla əməkdaşlıq etməyə hazır olacaq".
Onun sözlərinə görə, Əfqanıstana Azərbaycan üzərindən tranzit dəhlizin təmin olunması tək hərbi məqsədlərə yox, ümumilikdə təhlükəsizlik və iqtisadi inkişaf məqsədlərinə xidmət edəcək.
Nazir müavini deyib ki, gələn həftə Azərbaycana gələcək Əfqanıstanın xarici işlər nazirinin səfəri zamanı həm ikitərəfli məsələlər, həm də region kontekstində təhlükəsizlik məsələləri, o cümlədən İSAF missiyasından sonrakı durum və perspektivlər müzakirə olunacaq.