...

Latviyanın sabiq prezidenti: "Azərbaycan dilini öyrənmək istərdim" (MÜSAHİBƏ)

Siyasət Materials 28 Aprel 2014 09:19 (UTC +04:00)
O, tarixi yalnız yaşatmır, həm də yaradır. O, II Dünya müharibəsinin acısını dadmış, uzun illər mühacir həyatı sürmüş insandır. O, nəinki Latviyada, bütövlükdə Şərqi Avropada ilk qadın prezident olub.
Latviyanın sabiq prezidenti: "Azərbaycan dilini öyrənmək istərdim" (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbirlər Ü.Heydərova, İ.İzzət/

O, tarixi yalnız yaşatmır, həm də yaradır. O, II Dünya müharibəsinin acısını dadmış, uzun illər mühacir həyatı sürmüş insandır. O, nəinki Latviyada, bütövlükdə Şərqi Avropada ilk qadın prezident olub. Cəmi səkkiz il ərzində (1999 -2007) ölkəsinin həm Avropa İttifaqına, həm də NATO -ya üzv olmasına nail olan dövlət xadimidir. O, bu gün də beynəlxalq siyasətdə xüsusi fəallığı ilə seçilir, BMT-nin baş katibinin xüsusi elçisi, Madrid Klubunun prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, peşəkar siyasətçi və əsl liderdir.

Trend Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən layihə əsasında Latviyanın keçmiş prezidenti xanım Vayra Vike-Freyberqa ilə müsahibəni təqdim edir.


"100 ildən sonra müharibələr su uğrunda baş verəcək"

- Xanım Vayra, sizi növbəti dəfə Azərbaycanda görməkdən olduqca məmnunuq! Söhbətimizə uşaqlıq dövrünüzdən başlamaq istərdik. Siz II Dünya müharibəsini yaşamış bir insansınız. Biz adətən bu müharibə haqqında Sovet İttifaqının gözü ilə oxumuşuq, kadrlara, filmlərə baxmışıq. Sizin ailəniz isə əksinə, Sovet qoşunlarından qorunmaq üçün Almaniyaya gedərək orada məskunlaşıb. İstərdik, həmin müharibəni sizin baxışınızla nəzərdən keçirək.

- Latviya I Dünya müharibəsindən sonra müstəqil ölkə olub. Müharibədən sonra, yəni 1919-cu ildə bolşeviklər ölkənin böyük hissəsini tutublar. Qısa müddət ərzində bolşeviklər orada hökumət qurublar. Çox repressiv və amansız idilər. Lakin həmin vaxt onlar almanların köməyi ilə ərazidən qovuldular. Ancaq II Dünya müharibəsində almanlar Latviyaya hücum edəndə latviyalılar artıq almanlara qarşı vuruşurdular. 1940-cı ildə Almaniya Polşanı işğal edəndə Latviya Sovet hökümətinin təzyiqi altında "qarşılıqlı yardım" paktını qəbul etməli oldu.

Onlar müharibə ərəfəsində bu Baltikyanı ölkədə öz hərbi bazalarını yerləşdirib, hökuməti devirmək məqsədilə yürüş ediblər. Bu cinayətkarlıq çıxılmaz vəziyyət və referendumun qəbul olunması ilə nəticələndi. Referendumda məcbur edildi ki, insanlar Latviyanın Sovet İttifaqına birləşməsinə səs versinlər. Həmin vaxtlarda, yəni 1940-cı il iyunun 13-dən 14-nə keçən gecə xeyli insan sürgün edildi. Əksəriyyəti soyuq Sibirə göndərildi. Latviyalılar Stalin rejiminin necə repressiv olduğunu gördüyünə görə almanlar gələndə onlar sanki azadlıq əldə etmişdilər. Lakin 4-5 ildən sonra almanlar müharibəni uduzanda və Qırmızı Ordu qalib gələndə Sovet İttifaqı dedi ki, biz sizi faşistlərdən azad etmişik. O zaman valideynlərim müstəqil Latviyada yaşayırdılar.

Onlar Stalin rejimindən və Qızıl Ordudan xilas olmaq üçün Qərbə sığınmalı oldular. Qeyd edim ki, həmin vaxt Stalin rejimini qəbul etməyən təxminən 7 milyona yaxın insan Şərqi Avropadan qaçqın kimi Almaniyada məskunlaşmalı oldu. Hər kəs qohumunu, işini qoyub gəlmişdi. Bacım üç həftədən sonra qaçqınlıq şəraitinin ağırlığına tab gətirə bilməyərək həlak oldu. Babam, nənəm fermasını qoyub gəlsə də, xalalarım, dayılarım ailəsi ilə Sovet sistemini qəbul edib qalmışdı. Çünki onların başqa seçimi yox idi. Almanlarla ruslar arasında qızğın döyüş getdiyinə görə 9 ay ərzində Latviyada çoxlu sayda yaşayış məskənləri dağıdılmışdı. Ona görə də rejimi qəbul edib Latviyada qalanlar bütün imkanlarından məhrum olmuşdular. 1944-1949-cu illərdə böyük sürgün baş verdi. Bir sözlə, Latviya Sovet İttifaqının tərkibində xoşbəxt deyildi.

- Siz Kommunist rejimini tənqid etsəniz də, 2005-ci ildə Moskvada - Qızıl Meydanda Qələbənin 60 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edən yeganə Baltikyanı ölkədən olan Prezident idiniz...

- Avropa Birliyindən olan ölkələrdən hər kəs 9 May Qələbə Gününü keçirir. Hamı qanlı müharibənin bitməsini, Hitlerin məğlub olmasını qeyd edir. Faşist rejimi müharibənin son anına kimi yəhudiləri amansızlıqla qətlə yetirirdi. Sistemin şərtlərinə uyğun olaraq, bu qətliam davam edirdi. Müharibədə qalib gəlsə də, Kommunist sistemi xeyli insanlara zərər vurmuşdu. Molotov-Ribbentrop paktından və Yalta konfransından sonra Çörçil və Ruzvelt Stalinlə tərəfdaşlıq etməyə başladı. Çünki Böyük Britaniya da, Amerika da qalib çıxmışdı, Fransa öz müstəqilliyini bərpa etmişdi. Onların qorxmağa heç bir səbəbləri yox idi. Çexoslovakiya və Macarıstan kimi dövlətlər isə Kommunist rejimindən asılı qalmışdılar. Bu rejim insanların öz azad seçimi deyildi.

- Sizcə, müharibələr, qarşıdurmalar insanlara nə verir? Müharibədən qazananlar kimlərdir?

- Səbəblər çoxdur. Dövlət varsa, deməli onun düşməni də var. Məsələn, adi bir mülki vətəndaş anarxist tərəfindən güllələnməklə I Dünya müharibəsinin başlanmasına səbəb oldu. Əslində, müharibələr bir-birinə düşmən münasibətindən yaranır. Müxtəlif koalisiyada birləşən dövlətlər gücə və beynəlxalq təsirə malik olmaq arzusundadır. Müharibə güc, böyük təsirə malik olmaq, geniş ərazini tutmaq deməkdir. İnsanlar əvvəllər əraziləri bölüşdürmək, yeraltı sərvətlərdən yararlanmaq niyyəti ilə müharibələr törədirdilərsə, müasir dövrdə bir az fərqlidir. Düşünürəm, 100 ildən sonra müharibələr su uğrunda baş verəcək. Çünki planetimizin böyük hissəsində səhralaşma gedir, su qıtlığı yaranır. Xüsusilə də böyük şəhərlərdə. Ona görə də su kimi sadə bir şey müharibəyə səbəb ola bilər. Yaxud da başqa resurslar uğrunda, misal üçün kömürə görə münaqişə qalxa bilər. Misal üçün Fransa və Almaniyanı götürək. Bu ölkələr 3 il qanlı müharibə aparıb. Nəticədə Sloveniya, Lüksemburq və digər ətraf ərazilər bu iki böyük gücün zərərini çəkiblər. Niyə? Çünki onlar bu təbii sərvətləri bərabər bölüşə bilməyiblər.

"Gənc psixoloq olduğum zaman xoşbəxt deyildim. Klinikanın rəhbəri mənə deyirdi ki, sən bu işdə həm yaxşısan, həm də darıxdırıcısan"

- Məlumdur ki, hər bir insan prezident ola bilmir. Fikrinizcə, prezident ilk növbədə hansı xüsusiyyətlərə malik olmalıdır?

- Bu böyük məsuliyyət və eyni zamanda özünə əminlik deməkdir. Əgər insan özünə əmin deyilsə, edəcəyi hər hansı bir işə tərəddüdlə yanaşırsa, bu zaman çətinlik meydana gələcək. Məsələn, əgər özünə inamın azdırsa, cərrah ola bilməzsən. Sən əməliyyat apararkən insanın sağlamlığını önəmli sayaraq səbrli olmalısan. Misal üçün, mən əməliyyat otağına gedib insan üzərində əməliyyat apara bilmərəm. Çünki özümə əmin deyiləm. Ancaq prezident olmaq baxımından özünə inam bacarığı bir az fərqlidir. Prezident etdiyi hər bir işə inamlı olmalıdır. Sən bir siyasətçisən və ölkəni, fərdi anlamalı, təhlil etməli və diaqnoz qoymalısan. Prezident olmaq sadə iş deyil, lakin yaxşı və kifayət qədər məsuliyyətlidir.

- Sizcə kişi prezident ilə qadın prezident arasında hər hansı bir fərq varmı?

- Özünə inam baxımından düşünürəm ki, heç bir fərq yoxdur. Mən hazırda Madrid Klubunun prezidentiyəm. Bu klubun təxminən 100-ə yaxın üzvü və digər keçmiş liderlərlə görüşmüşəm. Az sayda qadın, çox sayda kişilərlə rəsmi görüşlər keçirmişəm. Belə nəticəyə gəldim ki, onların özünəməxsus şəxsiyyətləri, özünəməxsus xarakterləri, xarizmaları var. Natiqlik baxmından onların bəziləri bacarıqlı, digərləri isə zəifdir. Bəziləri iqtisadi fikir yürütməkdə, digərləri mədəniyyət, bəşəriyyətin tədqiqində məharətlidirlər. Ancaq özümün hansı növ prezident olduğumu təyin etməmişəm. Qadın prezident istər rəsmi görüşlərdə, istərsə də kameralar önündə xarici görünüş baxımından daha məsuliyyətli olmağa çalışır, amma kişi prezidentlər buna o qədər də əhəmiyyət vermirlər.

- Psixoloq olmağınız sizə işinizdə həmişə kömək edirmi?

- Mən bir müddət klinik xəstəxanada psixoloq kimi işləmişəm və bu zaman ünsiyyət qurmağın necə olduğunu öyrənmişəm. Lakin bu, o qədər də psixoloq olmaqla əlaqəli deyil. Cəmiyyətlə ünsiyyəti özümdə aşkarlamışam. Yadımdadır, bir dəfə dostlarım mənə məsləhət gördü ki, natiqliq müsabiqəsində iştirak edim. Müsabiqəyə qatıldım və birinci yerin qalibi oldum. Bəzi insanlar özlüyündə bunu çətin hesab etsələr də, mən ictimaiyyət arasında rahat danışa bilirəm. Lakin psixoloq olmaq insanların nə düşündüyünü, nə danışdığını, nəyə baxdığını, nəyi öyrəndiyini, nəyi başa düşdüyünü anlamaqdır. Gənc psixoloq olduğum zaman xoşbəxt deyildim. Özümü bədbəxt hiss edirdim. Çünki işim başqalarına əslində nəyin səhv olduğunu göstərmək, insanlara diaqnoz qoymaq, tövsiyələr vermək, səbrli olmağın üsullarını başa salmaq idi. Klinikanın rəhbəri mənə deyirdi ki, sən bu işdə həm yaxşısan, həm də darıxdırıcısan. Deyim ki, hər gün eyni işlər təkrarlanırdı və beləliklə, mən müəllimlik və tədqiqat işləri ilə məşğul olmağa başladım.

- Lider olmaq istəyənlərə nə tövsiyə edərdiniz?

- Şübhəsiz, insanları öz ardınca aparmalısan. Əgər bunu bacarmırsansa, deməli yaxşı lider deyilsən. Əmin ola bilərsən ki, haradasa səhvə yol vermisən. Başqalarını özünün ardınca aparmaq çətin görünür və uzun təlim tələb edir. Bilirsən ki, insanlar sənin üçün işləyir. Digər tərəfdən burada emosiyalar da önəmlidir. Yaxın rəfiqəm yaxşı idmançıdır, güclü qızdır. Mən də daxil olmaqla çoxlu izləyiciləri var. Ona o səbəbdən valehəm ki, başqalarından daha cəld qaçır. O zaman onu bəyəndiyim üçün onunla dost olmaq istədim. Deməli, mən onun ardınca getdim. Bu, liderliyə bir nümunədir.

- Siz gözəl ailə başçısı, iki uşaq anasısınız. Prezidentlik müddətində ailənizə vaxt ayırmağa imkan tapırdınızmı?

- Uşaqlarım böyüdüyü üçün xoşbəxt idim. Onların qarşısında məsuliyyət daşımırdım. Parlament sistemində olan zaman, seçkilərdən bir neçə gün öncə mənə belə bir sual verdilər ki, ikinci dəfə prezident seçkilərinə namizədliyimi irəli sürməyə hazırammı? Bu zaman bildirdim ki, hazır olacam, ancaq öncə ailəmlə danışmalıyam. Mən bu istəyi həyat yoldaşıma, oğluma, qızıma bildirdim. Çünki prezident olmaq risk faktorudur. Aydındır ki, bəzi insanlar prezidenti sevmirlər. Buna səbəb ya sistemi, ya ölkəni, ya da buna bənzər bəzi şeyləri bəyənməmələridir. Mətbuat hər zaman səni izlədiyinə görə diqqət mərkəzindəsən. Hiss etdim ki, mən ailəmin yerinə qərar verə bilmirəm. Özlüyümdə prezidentlik üçün hazır idim, ancaq onların həyatını çətinləşdirmək istəmirdim. Əslində, qorxulu heç bir şey yox idi. Ailəm mənə bildirdi ki, bu elə bir təklifdir ki, ondan imtina edə bilməzsən. Sən əgər belə bir vəzifəni öhdəliyinə götürürsənsə, biz səni dəstəkləyirik. Sən sona qədər getməlisən. Biz bilirik ki, sən işini sevirsən...

"Əgər bir az da ömrüm olarsa, Azərbaycan dilini öyrənmək istərdim"

- Sizin latış xalq mahnısı olan Daynanın poetikası və strukturu üzrə böyük araşdırmalarınız olub. Ümumiyyətlə, ədəbiyyata münasibətiniz necədir? Hazırda hansı kitabı oxuyursunuz?

- Müxtəlif növ kitablar oxuyuram. Müsahibələrimin birində bildirmişdim ki, səfər zamanı təyyarədə həmişə kitab oxuyuram. Mən Latviyanın və digər xalqların sehrli nağıllarını, dedektiv, fantastik əsərlər oxuyuram. Bir zamanlar çox mütaliə edirdim. İstərdim çox vaxt bədii ədəbiyyat oxuyum. Onun daha maraqlı kökləri var. Lakin özüm çox zaman klassik ədəbiyyata, onun antik dövrünə üstünlük verirəm, çünki bu əsərləri elə gənclik dövrlərindən çox sevirəm. Bəzən hər hansı bir müəllifin kitabını götürürəm və görürəm ki, artıq bu əsəri oxumuşam. Çarlz Dikkensin, Ceyn Osterin bütün əsərlərini, Viktor Hüqonun "Səfillər" və digər əsərlərini oxumuşam. Hələ də kitab rəfinə yaxınlaşıb, kitab götürəndə görürəm ki, bunları artıq 18 yaşım olanda oxumuşam. Düşünəm ki, bundan sonra da həmin kitabları təkrarən oxumalıyam.

-Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrisiniz. Dahi şairin əsərləri haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- Nizami Gəncəvinin mövcudluğu, onun yüksək səviyyəli poeziyası tarixin erkən dövrlərinə aiddir. Dünya onun yaşadığı XII əsr haqqında məlumatlıdır. Latviyada Nizami haqqında eşidən bir neçə insanı tanıyıram. Maraqlı fakt odur ki, insanlar mütəfəkkir haqqında Sovet dövründə eşidiblər. Qərbdə yaşayan insanlar onun əlyazmalarından xəbərdardırlar. Əsərlərinə çəkilmiş miniatür sənəti ilə maraqlanırlar. İncəsənətə önəm verən bəzi Qərbi avropalılar və amerikalılar Nizamini dahi şəxsiyyət kimi dəyərləndirir, əsərlərini sevirlər. Təəssüf ki, onun "Xəmsə"sinin tam tərcüməsi yoxdur. Ancaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzində bu əlyazmalar olmalıdır. Mənim üçün ən vacib "Xəmsə"nin ingilis, fransız, alman, rus, çin və ispan dilinə tərcümə edilməsidir. Düzdür, onun 900 il öncəki tarixə malik poeziyasını tərcümə etmək çətindir. Ancaq bu öhdəlik götürülməlidir. Nizami Gəncəvinin poeziyasını və əsərlərinin strukturunu öz təhlillərimlə birləşdirib tədqiqat işi aparmaq istərdim. Çünki poeziya ilə yaxından maraqlanıram. Əgər bir az da ömrüm olarsa, Azərbaycan dilini öyrənmək istərdim. Lakin zaman məhdudiyyəti var...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti