...

Fuad Muradov: Belə mövqe Uorlikin sülh vasitəçisi missiyasına kölgə salır

Siyasət Materials 2 May 2014 10:29 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən bəzi səfirliklərin bir sıra hallarda öz mandatına uyğun hərəkət etməməsi təəssüf doğurur. Biz bunun dəfələrlə şahidi olmuşuq.
Fuad Muradov: Belə mövqe Uorlikin sülh vasitəçisi missiyasına kölgə salır

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/

"Azərbaycanda fəaliyyət göstərən bəzi səfirliklərin bir sıra hallarda öz mandatına uyğun hərəkət etməməsi təəssüf doğurur. Biz bunun dəfələrlə şahidi olmuşuq. Əgər hüquq-mühafizə orqanlarının kimlərəsə sualları varsa, diplomatlar bu məsələdə Azərbaycanın qanunlarına hörmətlə yanaşmalıdırlar. Heç bir səfirlik ölkənin daxili işlərinə müdaxilə etməməlidir". Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Fuad Muradov Azərbaycanda akkreditə olunmuş diplomatik şəxslərin son günlər sərgilədiyi mövqeyə münasibət bildirərkən deyib.

F.Muradov bildirib: "Fransa səfirliyinin son qalmaqallı viza verilməsi ilə bağlı operativ hərəkəti qəribədir. Halbuki bizim vətəndaşlarımız ümumi qaydada viza almaq üçün xeyli əziyyət çəkirlər. Səfirliklər Milli Məclisin deputatlarına vətəndaşların müalicəsi və digər məsələlərinin həlli ilə bağlı onların ünvanladıqları viza müraciətlərinin cavablandırılması üçün 15-20 gün gözləmək lazım olduğunu bildirirlər. Bu, o zaman baş verir ki, Azərbaycan Avropa İttifaqı ilə sadələşdirilmiş viza almaq haqqında sazişi imzalayıb. Belə yanaşma düz deyil və bəzi səfirliklər Aİ-nin qərarlarına hörmət etmirlər".

Millət vəkili qeyd edib ki, səfirlər ölkədaxili məsələlərə münasibət bildirməzdən əvvəl düşünməlidirlər: "Səfirlər danışmazdan əvvəl nəzərə almalıdırlar ki, təmsil etdikləri ölkənin xalqı ilə bizim xalqımız arasında isti və səmimi münasibətlər var. Onların bu hərəkətləri bəzən bu isti münasibətlərə kölgə salır".

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin son açıqlamalarına toxunan F.Muradov bildirib ki, onun irəli sürdüyü arqumentlər heç bir fakta söykənmir: "Uorlikin ermənilərə sevgisini başa düşürəm. Lakin onun səsləndirdiyi fikirlər Qarabağla bağlı aparılan danışıqlarda Uorlikin sülh vasitəçisi missiyasına kölgə salır. Biz ümid edirik ki, belə şəxslər Azərbaycan-ABŞ əlaqələrinə xələl gətirə bilməz".

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, rəsmi Bakı amerikalı diplomat Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması məsələsini qaldıra bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti