...

Prezident İlham Əliyev: Tbilisidə sərgilənən birlik dünya miqyasında unikal xarakter daşıyır (FOTO)

Siyasət Materials 6 May 2014 15:59
"Əminəm ki, bugünkü zirvə görüşü üçtərəfli əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm olacaqdır. Azərbaycanı Gürcüstan və Türkiyə ilə tarix bağlayır. Tarixi əlaqələr, mədəniyyət, xalqlarımız arasındakı dostluq və qardaşlıq bağlayır. Və bu möhkəm zəmin üzərində bizim ikitərəfli münasibətlərimiz də qurulmuşdur".
Prezident İlham Əliyev: Tbilisidə sərgilənən birlik dünya miqyasında unikal xarakter daşıyır (FOTO)

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 6 may /Trend, müxbir S.Əliyev/

"Əminəm ki, bugünkü zirvə görüşü üçtərəfli əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm olacaqdır. Azərbaycanı Gürcüstan və Türkiyə ilə tarix bağlayır. Tarixi əlaqələr, mədəniyyət, xalqlarımız arasındakı dostluq və qardaşlıq bağlayır. Və bu möhkəm zəmin üzərində bizim ikitərəfli münasibətlərimiz də qurulmuşdur". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Tbilisidə keçirilən sammitindən sonra mətbuata bəyanatla çıxışında deyib.

Gürcüstan Prezidentinə ona və nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığını bildirən İlham Əliyev qeyd edib ki, qardaş Gürcüstan torpağında yenidən olmasından çox məmnundur.

Dövlət başçısı bildirib ki, artıq hər üç ölkə sınaqdan da keçib: "Və həm Gürcüstan ilə, həm də Türkiyə ilə Azərbaycanın çox yaxın dostluq və qardaşlıq üzərində qurulmuş münasibətləri var. Mən çox şadam ki, artıq üçtərəfli format da öz əhəmiyyətini göstərir. Əvvəlki dövrlərdə də üçtərəfli görüşlər keçirilmişdi, təbii ki, beynəlxalq layihələrin icrası ilə əlaqədar zirvə görüşləri olmuşdur. Bugünkü zirvə görüşü həm də əvvəlki illərdə görülən işlərin təhlilini aparmaq üçün əhəmiyyətli idi. Eyni zamanda və ən önəmlisi, hesab edirəm ki, bu gün gələcək əməkdaşlıq haqqında çox geniş, səmimi fikir mübadiləsi aparılmışdır".

İlham Əliyevin sözlərinə görə, bu gün nazirlər müxtəlif layihələri onlara təqdim ediblər: "Bir daha görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq hesab edirəm ki, zirvə görüşünün əsas nəticəsi ondan ibarətdir ki, Gürcüstan, Türkiyə və Azərbaycan bir daha üçtərəfli formatda bizim dostluq və tərəfdaşlıq münasibətlərimizi təsdiqlədilər. Bu çox önəmlidir. Çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, həm xalqlarımız, həm də qonşularımız üçün və qitə üçün əhəmiyyətlidir".

Prezident vurğulayıb ki, vaxtilə uğurla icra edilmiş neft-qaz layihələri, nəqliyyat layihələri, investisiyalarla bağlı layihələr bizim ölkələrimizi daha da sıx birləşdirir: "Və deyə bilərəm ki, hazırda nəinki regionda, eləcə də dünya miqyasında bu üçtərəfli format maraq doğurur. Bu, əslində unikal bir formatdır. Çünki burada üç müstəqil dövlət qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən bərabərhüquqlu münasibətləri artıq qurmuşdur".

İlham Əliyev hesab edir ki, bu təcrübə başqa ölkələr üçün də cəlbedici ola bilər: "Bizim münasibətlərimiz əməkdaşlıq üzərində qurulub. Ən əsas məsələ bundan ibarətdir. Bu əməkdaşlıq nəticəsində hər bir ölkə böyük fayda, xeyir götürür, bizim birgə layihələrimiz üç ölkənin maraqlarına xidmət göstərir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri artıq regional çərçivədən çıxıb və beynəlxalq əhəmiyyət daşıyan layihələrdir. Xüsusilə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər bu gün dünya miqyasında ən önəmli məsələ kimi tanınır və dünya gündəliyində demək olar ki, birinci sıradadır. Üç ölkə öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir. Bu, əməkdaşlığımızın gözəl nəticəsidir".

Prezident bildirib ki, gələcəkdə bizim üç ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfəsini verəcək: "Yəni bu gün burada aparılan danışıqlar və müzakirələr dünya üçün, Avropa üçün böyük əhəmiyyət daşıyır. Keçən ilin sonunda Bakıda "Şahdəniz-2" layihəsinə start verildi. "Şahdəniz-2", Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin inşası Avropanın bir nömrəli, ən böyük infrastruktur layihələridir. Bu layihələrə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar səviyyəsində olacaq. Bu vəsaiti biz qoyacağıq ki, öz maraqlarımızı təmin edək və Avropanın enerji təhlükəsizliyinə də öz töhfəmizi verək".

Dövlət başçısı bildirib ki, bu layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılacaqdır, biznes imkanları yaranacaqdır: "Bu gün bu barədə fikir mübadiləsi apardıq ki, bizim biznes strukturlarımız da bu layihələrdə fəal iştirak etsin və buna hazır olsunlar. Bu, investisiya imkanlarımızı daha da genişləndirəcəkdir. Yəni bizim ölkələr xarici sərmayə qoyuluşu üçün daha böyük məna daşıyacaq və bu da hər bir ölkənin marağındadır. Hətta inkişaf etmiş ölkələr xaricdən investisiyaları cəlb etmək istəyirlər. Azərbaycan, öz növbəsində, ən böyük investisiyaları Türkiyə və Gürcüstana edir. Bu da bizim birliyimizin təzahürüdür. Bizim bütün təşəbbüslərimizin təməlində xalqlarımızın iradəsi və güclü siyasi iradə dayanır. Əsas şərt budur. Biz bu təməl üzərində münasibətləri qururuq, konkret layihələrlə bu münasibətləri zənginləşdiririk. Bu gün burada, Tbilisidə sərgilənən birlik dünya miqyasında unikal xarakter daşıyır. Mən bu dostluğa, əməkdaşlığa görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm. Biz bu gün fikir mübadiləsi əsnasında qərara gəldik ki, belə zirvə görüşləri müntəzəm keçirilsin və əgər etiraz olmazsa, növbəti zirvə görüşü Azərbaycanda keçirilsin ki, biz bu xoşniyyətli əməkdaşlığı bundan sonra da davam etdirək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti