...

Ukraynada azərbaycanlıların ictimai-siyasi aktivliyinin artırılması müzakirə edilib

Siyasət Materials 22 May 2014 16:20 (UTC +04:00)
Ümumukrayna Birləşmiş Diasporu forum keçirib.
Ukraynada azərbaycanlıların ictimai-siyasi aktivliyinin artırılması müzakirə edilib

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

Ümumukrayna Birləşmiş Diasporu forum keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ukraynanın paytaxtı Kiyev şəhərində Ümumukrayna Birləşmiş Diasporunun (UABD) "Müasir Ukrayna: Azərbaycan diasporunun dövlətin inkişafındakı yeri və rolu" mövzusunda 3-cü forumu keçirilib. Forumda müxtəlif sahələrdə çalışan azərbaycanlı alimlər, iş adamları və ziyalılar iştirak ediblər.

Forumun birinci hissəsində diasporun problemləri və inkişaf perspektivləri müzakirə olunub. UABD-nin sədri Hikmət Cavadovun açılış nitqindən sonra Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli forum iştirakçılarını salamlayıb və forumun işinə uğurlar arzulayıb. Səfir bildirib ki, belə bir tədbirin ardıcıl olaraq üçüncü dəfə keçirilməsi təqdirəlayiqdir. E.Mədətli qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara hər zaman dəstək verir və diaspor fəaliyyətini yüksək qiymətləndirir.

Forumun birinci hissəsində Ukraynada fəaliyyətə başlamış Diaspora TV-nin və UABD-nin nəşr etdirdiyi dərsliyin təqdimatı da keçirilib. İştirakçılar təqdim olunan dərsliyin azərbaycanlı məktəblilər və ümumilikdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün çox dəyəli tədris vəsaiti olduğunu qeyd ediblər.

Forumun ikinci hissəsində əsasən mayın 25-də Ukrayna prezidenti və Kiyev şəhər meri postlarına keçiriləcək seçkilər və azərbaycanlıların bu proseslərdə fəallığının artırılması məsələləri müzakirə edilib. Müzakirələrdə Ukraynadakı azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında aktivliyinin artırılmasının vacibliyi vurğulanıb. UABD sədri H.Cavadov təşkilat üzvlərini seçkilərdə iştirak etməyə və fəallıq göstərməyə çağırıb. O, qeyd edib ki, yalnız onların bu aktivliyi sayəsində Ukraynanın ictimai-siyasi həyatına inteqrasiya etmək, azərbaycanlıların Ukrayna Ali Radasına daxil olmaq, azərbaycanlı iş adamları üçün geniş fəaliyyət imkanları yarana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti