...

Azərbaycan AŞPA Daimi Komitəsində tənqidi bəyanatla çıxış edib

Siyasət Materials 23 May 2014 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Əliyev/

Azərbaycan AŞPA Daimi Komitəsinin Bakıda keçirilən iclasında bəyanatla çıxış edib.

Trend xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun təqdim etdiyi bəyanatda qeyd olunub ki, nəyə görə AŞPA üzvləri öz öhdəliklərindən - insan hüquqları, qanunların aliliyi və digər məsələlərdən danışanda Azərbaycan məsuliyyətli davranmağa dəvət edilir: "Amma biz xahiş edəndə ki, bizim fundamental dəyərlərimiz, xüsusilə ərazi bütövlüyümüz nəzərə alınsın, sadəcə ard-arda verilən bəyanatlarla rastlaşırıq. Nəticə görmürük. Biz AŞPA-ya qəbul olunanda əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq idi. Amma biz bu gün görürük ki, AŞPA-ya üzv olan ölkələrin əraziləri işğal olunur, heç bir dəstək verilmir. Əraziləri işğal olunmuş Gürcüstan, Azərbaycana qeyri-qanuni səfərlərə görə cəzalar tətbiq olunur. Əminəm ki, sabah bu cəza Ukraynaya qarşı da tətbiq olunacaq. Çünki onun da Krım yarımadası işğal olunub və ora da qeyri-qanuni səfər edənlər olacaq".

S.Seyidov bildirib ki, AŞPA-nın qəbul etdiyi davranış qaydalarının 503-cü bəndinə görə qurumun üzvləri davranışlarına diqqət etməlidirlər: "Biz başa düşürük ki, AŞPA sədrinin müavini hansısa ölkəyə səfərinin qarşısının alınması yaxşı hal deyil. Amma nə üçün AŞPA sədrinin müavini qurumun reputasiyasını gözləmir və belə davranışa yol verərək işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlər edir? Onu AŞPA-nın nüfuzu yox, erməni lobbisinin nüfuzu maraqlandırır. Biz təcili olaraq AŞPA-da işğal olunmuş ərazilərlə bağlı alt komitə yaratmalıyıq. Terrorçular, separatçılar bu gün artıq ailəmizə qədər gəlib çıxır. Biz gözümüzü açıb reallığı görməliyik. Avropa Şurası artıq nüfuzunu itirir. Ərazi bütövlüyü prinsipi Avropa Şurasının mövcudluğu üçün əsas şərt olmalıdır. Belə getsə, Avropa Şurası Avropanın siyasi səhnəsində yox ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti