...

Siyavuş Novruzov: Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqları azad etməyə tam hazırdır

Siyasət Materials 24 İyun 2014 15:37 (UTC +04:00)
Azərbaycan Ordusunun NATO standartlarına tamamilə uyğunlaşdırılması üçün lazımi işlər görülür. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov partiyanın rəsmi saytına müsahibəsində deyib.
Siyavuş Novruzov: Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqları azad etməyə tam hazırdır

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Ordusunun NATO standartlarına tamamilə uyğunlaşdırılması üçün lazımi işlər görülür. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov partiyanın rəsmi saytına müsahibəsində deyib.

S.Novruzov qeyd edib ki, hərbi sistemdə 2007-ci ildən etibarən NATO standartlarına keçid başlayıb: "Qarşıya məqsəd qoyulub ki, ordumuz tamamilə bu standartlara uyğunlaşdırılsın. Dediyim kimi, bu sistemə keçid üçün ilk növbədə ordunun büdcəsi, təchizatı və təhsili NATO standartlarına uyğun olmalıdır. Azərbaycan Ordusunun hərbi-texniki təchizatında NATO ölkələrinin məhsullarından istifadə olunur. Nisbətən köhnə texnikalar isə modernizə olunaraq həmin standartlara uyğunlaşdırılır. Eyni zamanda, orduda müqavilə əsasında çalışanların sayı artmaqdadır. Bu amil peşəkarlıq baxımından çox vacibdir. Bir sözlə, bu gün Silahlı Qüvvələrimiz işğal olunmuş torpaqlarımızı azad etməyə tam hazırlıqlı vəziyyətdədir".

Milli Məclis tərəfindən yaxın zamanlarda hərbi qanunvericiliyin təkmilləşdirilməsi məsələsinə münasibət bildirən millət vəkili deyib ki, təbii ki, vəziyyətlə əlaqədar bu addımlar atılır: "Hərbi çağırış, sosial təminat və s. ilə bağlı qanunlar mütəmadi olaraq təkmilləşdirilir. Yəni zərurət ortaya çıxdıqca hərbi qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq".

S.Novruzov əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı çox yüksəkdir: "Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Təkcə kəmiyyət etibarilə deyil, peşəkarlıq və təminat-təchizat baxımından da ordumuz öndədir. Eyni zamanda, ötən il keçirilmiş prezident seçkilərindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar, yeni müdafiə nazirinin təyin olunması, Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ordunun yaradılması və digər məsələlər bunun bariz nümunəsidir. Həmçinin onu deyim ki, ordu üçün əsas məsələ hərbi təhsil, nizam-intizam və təchizatdır. Azərbaycan Ordusu bu gün həm nizam-intizamına, həm təhsilinə, həm də təchizatına görə öndədir. İqtisadiyyatı güclü olan ölkə üçün silahlı qüvvələrin təchizatı məsələsi problem olmamalıdır. Bu mənada Azərbaycanda iqtisadi inkişaf özünün yüksək mərhələsindədir. Təbii ki, belə olan şəraitdə ordumuzun təminatına da xüsusi diqqət yetirilir".

YAP rəsmisi vurğulayıb ki, son 10 ildə dövlət büdcəsinin gəlirləri 20 dəfədən çox artıb: "Büdcə artdıqca hər sahə üçün ayrılan vəsaitlərin həcmi də artır. Bu baxımdan orduya da ayrılan vəsait xeyli dərəcədə yüksəlib. Bu gün Azərbaycanın hərbi müdafiə sahəsinə ayrılan vəsait işğalçı Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu gün bizim ordumuz maliyyələşməsinə görə dünyada birinci iyirmiliyə daxildir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Ordusu bu gün ən müasir texnika, silahlarla təmin olunub. Belə ki, öz ordusunu müasirləşdirən dövlətimiz bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. Eyni zamanda, ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi xeyli adda hərbi məhsullar istehsal edir ki, bu da beynəlxalq müstəvidə bizim hərbi sənaye kompleksinə, istehsal olunan silahlara və digər məhsullara marağı xeyli artırır. Beynəlxalq sərgilərdə ölkəmizin bu yöndəki məhsullarına güclü marağın olması bunu deməyə əsas verir".

Xeyli hərbi hissədə olduğunu deyən S.Novruzov bildirib ki, bütün hərbi hissələr yüksək standartlara cavab verir: "Hərbçilərin ərzaq, qida, geyim təminatı da lazımi səviyyədədir. Hətta Naxçıvan Muxtar Respublikası blokada şəraitində olmasına baxmayaraq, ən ucqar nöqtədəki hərbi hissə ilə mərkəzdə yerləşən hərbi hissələrin şəraitində heç bir fərq hiss etmək mümkün deyil. Hamısı ən yüksək səviyyədə təmin olunub. Bu cür şərait heç Sovet ordusunda da olmayıb".

Tədris məsələsinə gəlincə isə YAP icra katibinin müavini bildirib ki, Azərbaycanda bir sıra hərbi məktəblər var: "Bunların sırasında C.Naxçıvanski adına hərbi liseyi, Ali Hərbi Məktəbi, Hərbi Akademiyanı və digərlərini göstərmək olar. Bu məktəblər yüksək hərbçi kadrlar hazırlayır. Bundan başqa, Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə iştirak edirlər, kurslar keçirlər. Hərbçilərimiz ABŞ, Türkiyə və Avropanın ayrı-ayrı ölkələrində təcrübələrini artırırlar, gənclərimiz ayrı-ayrı ölkələrə hərbi təhsil almağa göndərilirlər. Tədris baxımından Azərbaycan 2007-ci ildən NATO standartlarına keçib. Ona görə də bu istiqamətdə sistemli iş aparılır və hərbi sahədə tədris bu təşkilatın standartlarına uyğundur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti