...

Qabil Hüseynli: Müxalifət partiyaları bələdiyyə seçkilərinə siyasi blok şəklində gedə bilməyəcəklər

Siyasət Materials 4 İyul 2014 16:52 (UTC +04:00)
Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli hesab edir ki, müxalifət düşərgəsi qarşıdan gələn bələdiyyə seçkilərinə siyasi blok şəklində gedə bilməyəcəklər.
Qabil Hüseynli: Müxalifət partiyaları bələdiyyə seçkilərinə siyasi blok şəklində gedə bilməyəcəklər

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli hesab edir ki, müxalifət düşərgəsi qarşıdan gələn bələdiyyə seçkilərinə siyasi blok şəklində gedə bilməyəcəklər.

Q.Hüseynli Trend-ə açıqlamasında bildirib ki, bələdiyyə seçkilərinə çox da uzun bir vaxt qalmayıb: "Ona görə də əgər blok şəklində getsəydilər, indidən axtarışlar başlamalı idi. Müsavat Partiyası seçkilərə tək partiya halında gedəcəyini bəyan edib. Yerdə qalan partiyalar isə hələ mövqe bildirməkdə çətinlik çəkirlər".

Onun fikrincə, Müsavat Partiyasının indidən belə bir mövqe ortaya qoyması onu göstərir ki, ümumiyyətlə, müxalifət partiyalarında bələdiyyə seçkiləri ilə bağlı siyasi inteqrasiya prosesi yəqin ki baş tutmayacaq.

Q.Hüseynli onu da əlavə edib ki, Azərbaycan müxalifətinin siyasi həyatında elə bir canlanma yoxdur: "Amma bunu təkcə yay ayları ilə əlaqələndirmək olmaz. Həm də siyasi müxalifətin özünün sıralarında bir pərakəndəlik var, müəyyən ruh düşkünlüyü var, biri qurultaya hazırlaşır və bununla bağlı siyasi çəkişmələr gedir, digəri yeni siyasi bloklar yaratmaq cəhdləri göstərir".

Politoloqun fikrincə, bütövlükdə Azərbaycan müxalifəti üçün o qədər də səciyyəvi olmayan bir vəziyyət yaşanır: "Bu vəziyyət ondan ibarətdir ki, siyasi partiyalar tamamilə passiv vəziyyətə keçiblər və siyasi passivliklərini müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar".

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri bu ilin dekabr ayında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti