...

David Usupaşvili: Bütün əsas məsələlərdə Azərbaycan və Gürcüstanın maraqları üst-üstə düşür

Siyasət Materials 7 İyul 2014 18:20 (UTC +04:00)
"Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir. Biz bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsini istəyirik. Bütün əsas məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür".
David Usupaşvili: Bütün əsas məsələlərdə Azərbaycan və Gürcüstanın maraqları üst-üstə düşür

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

"Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir. Biz bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsini istəyirik. Bütün əsas məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür". Trend-in məlumatına görə, bunu Gürcüstan parlamentinin sədri David Usupaşvili Bakıda həmkarı Oqtay Əsədovla görüşündə deyib.

D.Usupaşvili bu görüşün iki ölkə arasındakı münasibətlərin müzakirəsi baxımından önəm kəsb etdiyini bildirib və qeyd edib ki, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır.

Gürcüstan parlamentinin sədri, həmçinin ölkələrimizin birgə həyata keçirdikləri layihələrin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Parlamentinin spikeri O.Əsədov isə bildirib ki, bu cür səfərlər ölkələrimiz, eləcə də parlamentlərimiz arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir.

O.Əsədov qeyd edib ki, hər iki ölkənin xalqları arasında da dostluq və qardaşlıq münasibətləri var: "Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra əlaqələr yeni müstəviyə qalxıb. Sevindirici haldır ki, bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".

Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin möhkəm hüquqi bazaya malik olduğunu deyən O.Əsədov vurğulayıb ki, bu günə qədər iki ölkə arasında 100-dən artıq ikitərəfli sənəd imzalanıb. Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 660 milyon dollardan yuxarı olub.

Azərbaycanın və Gürcüstanın iştirakı ilə regionda reallaşdırılan irimiqyaslı layihələrə toxunan Oqtay Əsədov Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ilin sonuna qədər yekunlaşacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti