Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev İndoneziyanın İstiqlal məscidinin rəhbəri və imamı, professor Əli Mustafa Yaqub ilə məsciddəki ofisində görüş keçirib.
Səfirlikdən Trend-ə daxil olan məlumatda bildirilir ki, görüşdə ikitərəfli əlaqələr, İslam tarixində və ədəbiyyatında Azərbaycanın rolu, dahi Azərbaycan alim və mütəfəkkirləri haqqında söz açılıb.
Daha sonra hazırkı dövrdə İslam dünyasının və müsəlmanların üzləşdiyi çətinliklər, müsəlmanlara qarşı törədilən cinayətlər, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzü, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım və çoxsaylı terror aktları haqqında qarşı tərəfə ətraflı məlumat verilib. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktına son qoyulması və təcavüzün dayandırılması istiqamətində Azərbaycanın danışıqlar yolunu seçməsinə baxmayaraq, Ermənistanın beynəlxalq təşkilatların tələblərinə məhəl qoymadan, əldə olunmuş atəşkəs razılığını mütəmadi formada pozaraq danışıqlara zərbə vurması, hətta mülki şəxslərə atəş açaraq bu və digər formada təxribatlar törətməsi və beləliklə öz təcavüzkar siyasətinə davam etməsindən bəhs edilib.
Buna ən yeni misal olaraq, Ramazan bayramı əsnasında ermənilərin növbəti hücumu və bunun nəticəsində 13 Azərbaycan əsgərinin şəhid olması və çoxsaylı mülkü şəxslərin zərər çəkməsi də qarşı tərəfin diqqətinə çatdırılıb.
Ə.M.Yaqub Ermənistanın Azərbaycana qarşı təcavüzündən xəbərdar olduqlarını, öz səlahiyyətləri və təsir dairələri çərçivəsində hər zaman Azərbaycana dəstək olduqlarını və bundan sonra da ermənilərin təcavüzü barədə yerli ictimaiyyəti daim məlumatlandıracaqlarını bildirib.
Daha sonra İstiqlal məscidində cümə namazından sonra camaat qarşısında çıxış edən Ə.M.Yaqub Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini dinləyicilərə söyləyərək, ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında bəhs edib və bildirib ki, 1991-ci ildən etibarən, ermənilər 20 mindən artıq azərbaycanlını şəhid edib, 1 milyona yaxın azərbaycanlını öz yurdlarından qovub, 9 şəhər, yüzlərlə kənd və məscidlərini işğal edərək viran qoyub.
Çıxışın sonunda Ə.M.Yaqub cümə namazına gələn əhalini Ramazan bayramı əsnasında şəhid olmuş 13 Azərbaycan şəhid əsgərləri üçün cənazə namazına qoşulmağa dəvət edib. Bundan sonra Azərbaycan şəhidləri üçün bütün iştirakçılar ilə birlikdə cənazə namazı qılınıb və şəhidlərin ruhuna dualar oxunub.
Tədbir yerli televiziya kanalları tərəfindən birbaşa yayımlanıb.
Qeyd edək ki, İstiqlal məscidi 200 min nəfərlik həcmə malik olmaqla dünyanın 3-cü ən böyük məscididir.