...

Rəsmi Bakı Soçi görüşündə müzakirə olunan bəzi məsələlərin detallarını açıqladı

Siyasət Materials 13 Avqust 2014 14:43
Bir daha təəssüf edirik ki, Sarkisyanın bu hərəkəti bizi də bu qapalı görüşdə müzakirə olunan bəzi məsələlər haqqında açıqlama verməyə məcbur edir.
Rəsmi Bakı Soçi görüşündə müzakirə olunan bəzi məsələlərin detallarını açıqladı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 avqust /Trend/

"Bir daha təəssüf edirik ki, Sarkisyanın bu hərəkəti bizi də bu qapalı görüşdə müzakirə olunan bəzi məsələlər haqqında açıqlama verməyə məcbur edir. Bəli, Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev işğal olunmuş ərazilərdə erməni dəstələri tərəfindən ələ keçirilmiş kəlbəcərli iki girovun məsələsini qaldırıb". Trend-in məlumatına görə, bunu Prezident Adminsitrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTac-a müsahibəsində bildirib.

PA rəsmisinin sözlərinə görə, məlum olduğu kimi, girovlardan biri Rusiya vətəndaşıdır və onun ailəsinin Rusiya Prezidentinə müraciəti yayılıb. Azərbaycan Prezidenti görüşdə həmin müraciəti Prezident Vladimir Putinə çatdırıb və görüş əsnasında girovların azad edilməsi məsələsini qaldırıb: "Prezident İlham Əliyevin fikrincə, ermənilər bu iki kəlbəcərlini heç bir əsas olmadan "təhlükəli diversant"lar kimi qələmə verib və onların ətrafında KİV-də eybəcər şou yaradıblar. Halbuki onların ailə üzvlərinin verdiyi məlumata görə, bu iki şəxs neçə illərdir ki, öz vətəndaşlıq hüquqlarından istifadə edərək ermənilərin işğalı altında olan doğma kəndlərinə - valideynlərinin qəbrini ziyarət etməyə gedirlərmiş. Onlardan birinin Rusiya vətəndaşı olduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin Prezident Vladimir Putindən bu məsələyə münasibət bildirməsini istəməsi isə tam təbiidir və söz yox ki, bu, dinc sakinlərin qeyd-şərtsiz azad olunması məqsədi daşıyır".

Ə.Həsənovun sözlərinə görə, bundan başqa, Azərbaycan Prezidenti üçtərəfli görüşdə işğal bölgəsində və qoşunların təmas xəttində erməni silahlı qüvvələri tərəfindən öldürülmüş əsgərlərin və dinc sakinlərin meyitlərinin müharibə qanunlarına uyğun olaraq, qeyd-şərtsiz geri qaytarılmasını tələb edib. Hətta görüşdə Prezident İlham Əliyev üzünü Sarkisyana tutaraq belə bir ifadə də işlədib: "İşğalçı erməni əsgərlərinin cəbhə bölgəsində ələ keçirdiyi girovlar və meyitlərin üzərində törətdikləri vəhşi əməlləri heç Hitlerin zamanında faşistlər də etməmişdir. Meyitə belə hörmətsizlik etmək olmaz, bu, insana yaraşan əməl deyil". Prezident, həmçinin meyitlərin dərhal öz ailələrinə təhvil verilməsini tələb edib:

"S.Sarkisyan əlbəttə, Azərbaycan Prezidentinin bu mühakiməsi qarşısında ciddi bir arqument tapa bilmədiyindən 2010-cu ilin iyununda cəbhə bölgəsində minalanmış sahəni cəsarətlə keçərək düşməni onun öz silahı ilə ağır itkilərə məruz qoyan və qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olan Mübariz İbrahimovun cəsədinin geri qaytarılması ətrafında Azərbaycanın apardığı təbliğata toxunub və azərbaycanlıları "Mübariz İbrahimovu qəhrəman kimi təqdim edərək ermənilərə göz dağı verməkdə" günahlandırıb. Prezident İlham Əliyev isə cavabında S.Sarkisyana xatırladıb: "Müharibənin öz qanunları var. Mübariz İbrahimovu biz qəhrəman kimi qələmə verməmişik. O, təkbaşına erməni əsgərlərinin qoruduğu səngəri dağıdaraq, ondan artıq işğalçı əsgəri öldürmüş və özü də həyatını qəhrəmancasına qurban vermişdir. Müharibə qanunlarına görə, tərəflər qəhrəmanlara hörmətlə yanaşmalıdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümunəsi göstərmiş və haqlı olaraq da Milli Qəhrəman adını qazanmışdır". Prezident İlham Əliyev S.Sarkisyandan qəhrəmanlara məhz qəhrəman kimi yanaşmağı tələb edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti