Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Dağlıq ərazilərdə sərhədlərin mühafizəsinin ən yüksək səviyyədə təmin edilməsi xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə 2014-2024-cü illərdə Azərbaycan Respublikasının dövlət sərhədinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair xüsusi plan hazırlanıb. Trend-in məlumatına görə, bunu 18 avqust Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü günü ilə bağlı "Azərbaycan" qəzetinə verdiyi müsahibəsində Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev deyib.
E.Quliyev bildirib ki, şəxsi heyətin xidməti-döyüş və sosial-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanmış quruculuq işləri və dinamik xarakter alan texniki inkişaf sözügedən dövlət proqramının yüksək səviyyədə yerinə yetirilməsinin mühüm göstəricisidir: "Sərhəd xətti boyunca çoxsaylı yeni sərhəd məntəqələrinin, sərhəd dəstələrinin, qarnizon komplekslərinin istifadəyə verilməsi, yaradılan mühəndis-texniki qurğuların istismarı sərhədlərimizin mühafizəsi işinin səviyyə və etibarlılığını artırmışdır. İndi relyefindən, iqlimindən, şəraitindən asılı olmayaraq Azərbaycanın sərhədləri bütövlükdə ciddi nəzarət altındadır və sayıqlıqla qorunur".
DSX-nın rəisi deyib ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə başladığı iqtisadi, siyasi, mədəni, hərbi islahatlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətində keçirilən islahatlar ölkəmizdəki kompleks islahatların tərkib hissələrindən biridir: "Aparılan islahatlar nəticəsində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilmiş, sərhəd məntəqələri müasir texniki avadanlıqlarla təchiz edilmiş, maddi-texniki baza xeyli möhkəmləndirilmişdir. Sərhəd məntəqələrində bir neçə ildir səyyar radiolokasiya sistemləri tətbiq olunur, sərhəd zastavalarının kompleks texniki vasitələri vahid avtomatlaşdırılmış sistem tərkibində birləşdirilir. Sərhəd zastavalarının daxili təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələr kompleksinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri, həmçinin radiolokasiya sistemləri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, Dövlət Sərhəd Xidmətində rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş səs, video və məlumatları inteqrasiyaetmə imkanlarına malik vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir. Yaxın gələcəkdə ölkəmizin sərhəd təhlükəsizliyinin fiziki üsulla yox, əməliyyat və texniki yolla təmin olunması istiqamətində mühüm işlər görülür. Aparılan islahatlar sırasında sərhəd qurumlarında şəxsi heyətin tam peşəkar heyətlə komplektləşdirilməsi xüsusi yer tutur ki, bu istiqamətdə də konkret addımlar atılmaqdadır".