...

Elçin Quliyev: Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür

Siyasət Materials 17 Avqust 2014 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür. Trend-in məlumatına görə, bunu 18 avqust Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü günü ilə bağlı "Azərbaycan" qəzetinə verdiyi müsahibəsində Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev deyib.

E.Quliyev bildirib ki, cənab Prezident İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi sahəsində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin iştirakı ilə cari il iyul ayının 18-də istifadəyə verilən gəmi inşası zavodu dəniz sərhədlərimizin mühafizəsində çox mühüm rol oynayacaq: "Zavodun imkanları hesabına sərhəd gözətçi gəmiləri yenilənəcək, sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənəcək və nəticə etibarı ilə dəniz sərhədlərimizin mühafizəsinin, sərhəd rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin səviyyəsi daha da yüksələcək".

Qeyd edək ki, Xəzəryanı regionda yaranmış hərbi-siyasi vəziyyət, Azərbaycan iqtisadiyyatının, xüsusilə neft sənayesinin sürətli inkişafı Sərhəd Qoşunlarının bütövlükdə, eləcə də dənizdə güclənməsinin mühüm faktoru olub.Ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sərhəd gözətçi gəmilər briqadasının və bütövlükdə Sərhəd Qoşunlarının inkişafında yeni mərhələ başlandı. 1996-cı ildə ulu öndərin sərəncamı ilə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin tərkibindən Sərhəd Qoşunlarının tərkibinə 3 gəmi verildi və dənizdə dövlət sərhədinin mühafizəsinə ilkin şərait yaradıldı.

Ulu öndər Dövlət Sərhəd Xidmətinin yaradılması barədə qərar verdikdən sonra ölkəmizin sərhəd mühafizəsi sistemində yeni mərhələ başlandı və dəniz sərhədlərimizin qorunması istiqamətində də mühüm tədbirlər həyata keçirildi.

E.Quliyev bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin tərkibində daha geniş və çevik imkanları özündə cəmləşdirən yeni struktur - Sahil Mühafizəsi yaradıldı və dəniz sərhədçilərinin qarşısına qoyulmuş vəzifələr daha mühüm xarakter daşıdı: "Sahil mühafizəsinin maddi-texniki bazası möhkəmləndirilmiş, komanda-idarəetmə məntəqəsində, sahilboyu texniki-müşahidə məntəqələrində xidmətin yüksək səviyyədə təşkili və aparılması təmin olunmuş, döyüş vahidlərinin sayı artırılmışdır. Həmçinin axtarış, xilasetmə və digər əməliyyatların təxirəsalınmadan yerinə yetirilməsi, neft platformalarının mühafizəsi, dənizdə dövlət sərhədinin mühafizəsinə aviasiya qüvvələrinin cəlb edilməsi və xidmət aparan sərhəd gözətçi gəmiləri ilə qarşılıqlı əlaqə imkanları daha da genişlənmişdir".

Onun sözlərinə görə, 2008-ci il noyabrın 8-də Ali Baş Komandanın iştirakı ilə xidməti istifadəyə verilən Sahil Mühafizəsinin yeni bazası Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunmasına, fasiləsiz müşahidə və nəzarət imkanlarının artırılmasına geniş imkanlar yaradıb: "Dəniz sərhədlərinin müasir mühafizə sisteminin yaradılması məqsədilə sahilboyu texniki müşahidə məntəqələri şəbəkəsi yaradılmış, dənizdə operativ vəziyyəti açıqlamaq, xilasetmə və dəniz sərhədlərinin mühafizəsinin kompleks həyata keçirilməsi məqsədilə sualtı akustik sistemin quraşdırılması, mərkəzləşdirilmiş idarəetmə sisteminin təşkil edilməsi, dəniz sərhədlərinin mühafizəsinə aviasiya qüvvələrinin cəlb edilməsi işləri aktual məsələlərdir. Müasir tipli radioelektron və naviqasiya cihazları, qəza-xilasetmə və digər avadanlıqlar quraşdırılan sərhəd gözətçi gəmilərinə və katerlərinə malik olan Sahil Mühafizəsi tərəfindən Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin qorunması tam təmin olunub".

DSX rəisi həmçinin bildirib ki, aviasiya dəstəsi Dövlət Sərhəd Xidmətinin tərkibində müstəsna əhəmiyyətə malik olan bölmələrdən biridir: "Bu dəstə lazım gəldikdə ölkəmizin sərhədlərinə havadan nəzarəti təşkil edir, dəniz sərhədlərinin və ixrac-boru kəmərlərinin, neft platformalarının mühafizəsində, dənizdə və quruda xilasetmə tədbirlərinin həyata keçirilməsində, taktiki təlimlərdə yüksək peşəkarlıq nümayiş etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti