...

Serj Sarkisyan yuxudadır

Siyasət Materials 5 Sentyabr 2014 01:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Emil Hüseynli, Trend-in Azərbaycan xəbərlər xidmətinin rəhbəri

Ermənistan Prezidenti Serj Sarkisyan yenə öz ampuluasındadır. Yenə verdiyi açıqlamalarla paslanmış təfəkkürünü nümayiş etdirir.

Söhbət Uelsin Nyuport şəhərində keçirilən NATO sammitində Serj Sarkisyanın çıxışından gedir. Sammitin sonunda Dağlıq Qarabağla bağlı qəbul olunacaq hansısa sənədi "şərh" edən Ermənistan Prezidenti həyasızcasına özünü və xalqını müdafiə etmək üçün Azərbaycana şər atır.

Görünür, Serj Sarkisyan ya sözün məsuliyyətini başa düşmür, ya da başa düşə-düşə bu cür cılız fikirlər səsləndirməklə Dağlıq Qarabağ probleminin həllində maraqlı olmadığını nümayiş etdirir. Əgər Dağlıq Qarabağ probleminin həllində haqlı tərəfsənsə, nədən problemlə bağlı NATO sammitində qəbul olunacaq hər hansı sənəddən narahatsan? Bu cür populist çıxışlar kimə lazımdır? Bura erməni ictimaiyyəti qarşısında verilən tribuna deyil axı. Bu mötəbər tədbirdə böhtan və yalan üzərində qurulan çıxışın ölkə liderləri üçün milçək vızıltısıdır. İstər Barak Obama olsun, istər Avropa dövlətlərinin liderləri, hamısı bilir ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib. Hamısına bəllidir ki, Ermənistan işğalçılıqla məşğuldur. Belə olmasaydı, dövlətlər Dağlıq Qarabağın "müstəqilliyini" tanıyardılar. Onlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırlar. Müəyyən maraqların toqquşması fonunda problemin hələ ki haqlı həll olunmaması o demək deyil ki, sən Serj Sarkisyan, mötəbər tədbirlərdə yalan danışmaqla boynunu qızartmalısan.

Əslində, bu çıxış elə Soçi görüşündəki sayıqlamaların davamı idi. Görünür, atalar bu məsələdə yanılıblar. Atalarımız insan qocaldıqca müdrikləşir deyiblər. Ancaq Serj Sarkisyan qocaldıqca uşaqlaşır. Ona görə də siyasi savadı da uşaqlaşır. Nə düşmən kimi danışa bilir, nə də ki barışığa getmək istəyən bir dövlət başçısı kimi. Belə yerdə yaxşı deyiblər, öz adını başqasına çıxarmaq. Serj Sarkisyan nə vaxtdan özünü demokrat hesab edir? Diktatorluq elə onun mayasındadır. Nə zamandan Serj Sarkisyan sağlam düşüncə carçıcısı olub? Gülməlidir vallah.

Deyəsən, son cəbhə hadisələri Serj Sarkisyana dərs olmayıb. Onlarla erməni əsgərinin ölümündən hələ ayılmayıb. Ayılmayacaq da. Çünkü Serj Sarkisyan sağlam düşünə bilmir. Proqmatik düşüncə sahibi deyil. Günahsız insan qanları hesabına hakimiyyətə gələn Serj Sarkisyan necə sağlam düşünə bilər?

NATO sammitinin ilk günündə Serj Sarkisyanın çıxışı bir daha göstərdi ki, Ermənistan Prezidenti qeyri-konstruktiv mövqeyində qalmaqdadır. Dağlıq Qarabağ probleminin sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı deyil. Azərbaycanı müharibəyə sürükləyir, döyüş meydanı üçün darıxıb.

Görək, proseslərin sonu necə olur. Sammitdə Dağlıq Qarabağ probleminə dair hansı sənəd qəbul olunacaq? Bu sənəddə nələr öz əksini tapacaq? Ancaq görünən tərəf odur ki, Serj Sarkisyan katalizator rolunu oynamaqdadır.

Bütün bunlara rəğmən, Azərbaycan rəhbərliyi hər dəfə Serj Sarkisyana tutarlı cavabını verir. Çox güman ki, NATO sammitində bunun davamı gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti