Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultayla bağlı müraciətinə cavab verib. Bu barədə Trend-ə Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.
G.Aslanlı bildirib ki, BŞİH Müsavat Partiyasının qurultayı üçün Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib.
Təklifi qəbul edib-etməyəcəkləri məsələsinə gəlincə, başqan müavini deyib ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsi müzakirələrdən sonra həmin yerdə qurultay keçirib-keçirməmək barədə qərar qəbul edəcək.
Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 27-də VIII qurultayını keçirmək niyyətindədir.