Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Elmar Məmmədyarov 15-16 sentyabr tarixlərində Rumıniyaya rəsmi səfəri çərçivəsində 15 sentyabr tarixində Rumıniyanın Prezidenti Trayan Basesku ilə görüşüb.
AR XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Rumıniya Prezidentinə çatdırıb.
Rumıniya Prezidenti Trayan Basesku salamlara görə təşəkkürünü ifadə edərək, onun da ən səmimi salamlarının və arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.
Görüş əsnasında iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunaraq, enerji, iqtisadiyyat, sərmayələrin qoyuluşu və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.