...

Hakim partiya Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı məsələsinə yenidən baxılmasını istəyir

Siyasət Materials 18 Sentyabr 2014 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Azərbaycanla bağlı Avropa Parlamentində müzakirəyə təqdim olunan layihə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu gözü götürməyən qüvvələrin, erməni lobbisinin bilavasitə dəstəyi, himayəçiliyi, təsiri nəticəsində fəaliyyət göstərən şəxslərin təqdim etdiyi layihədir. Həmçinin bu layihələr qərbli deputatları "ələ almaq"la da müzakirəyə çıxarılır". Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Azərbayan əleyhinə qəbul olunan qərəzli qətnamələrin əsas səbəbi dövlətimizin iqtisadi yüksəlişi, sürətli inkişafı, ölkəmizdə aparılan islahatlar, gəlirlərimizin artması, iqtisadi, hərbi gücümüz, sosial sahədə böyük uğurlarımız, dünyada artan iqtisadi üstünlüyümüz və siyasi nüfuzumuzdur: "Avropa Parlamentinin də Azərbaycanla bağlı məsələləri müzakirəyə çıxarması məhz qısqanclığın nəticəsidir. Heç təsadüfi deyil ki, Avropa Parlamentinin müzakirə etdiyi qətnamə "Əsrin müqaviləsi"nin 20 illiyinə təsadüf edir".

S.Novruzov qeyd edib ki, Avropa Parlamenti ilə əməkdaşlıq məsələsinə yenidən baxmalıyıq: "Avronestdən isə ümumiyyətlə çıxmaq lazımdır. Bu təşkilat Azərbaycanla Avropa arasında əməkdaşlığın gücləndirilməsində, qarşılıqlı əməkdaşlığın inkişafında rol oynamalı idi, lakin belə olmadı. Onlar kimlərinsə "donos"ları əsasında Azərbaycan haqqında yersiz, heç bir reallığa söykənməyən müzakirələr aparırlar. Halbuki bu müzakirələri aparan şəxslər bircə dəfə də olsun ölkəmizdə olmayıblar, bizim şəriatlə tanış deyillər".

Azərbaycanın Avropanın enerji təhlükəsizliyndə, TANAP, TAP layihələrində böyük rol oynadığını deyən S.Novruzov vurğulayıb ki, dövlətimiz bu istiqamətdə artıq daha irimiqyaslı işlərə başlayıb: "Lakin Azərbaycanda olan ictimai-siyasi sabitlik, iqtisadi yüksəliş həm bu qüvvələri, həm də erməni lobbisini narahat edir. Avropa Parlamenti may ayında formalaşıb. Elə ilk işə başlayan kimi məhz Azərbaycan məsələsini ortaya atdılar. Sual olunur: niyə? Avropanın böyük problemləri var ikən nə üçün onlar fəaliyyətə başlayan kimi ilk olaraq Azərbaycan əleyhinə heç bir əsası olmayan müzakirələr keçirirlər? Əgər söhbət hüquqların tapdalanmasından gedirsə, sual olunur: Avropa Parlamenti 1 milyondan artıq qaçqın və məcburi köçkünlə bağlı nə üçün indiyə qədər bir qətnamə belə ortaya qoya bilməyib? Məgər onların hüquqları tapdalanmayıbmı? Hətta nəinki qətnamə qəbul etmək, heç bu barədə kiçik bir müzakirə də aparmayıblar. Qaçqınların hamısının hüquqları pozulub, lakin onları bu maraqlandırmır. Amma öz dilləri ilə desək, kiminsə hüququ pozulubsa, bu onları narahat edir. Ev-eşiyindən, mülkündən, malından məhrum edilən insanlarla, qətlə yetirilən şəxslərin yaxınları ilə bağlı niyə maraqlanmırlar? Avropanın əsas dəyərlərindən biri yerli özünüidarəetmədir. Qaçqınlar bələdiyyə seçkilərində seçib-seçilmə hüquqlarından məhrum olublar. Öz bələdiyyələrini formalaşdıra bilmirlər. Onların hüquqları daha çox pozulub. Xocalıda neçə-neçə nəsillərin kökü kəsilib, ancaq Avropa Parlamentini bu maraqlandırmır. Erməni lobbisinə xidmət edən, onlarla əlbir iş görən, Ermənistana gizli şəkildə gedib-gələn, düşmən ölkənin xüsusi xidmət orqanları ilə əlbir olan adamlar nədənsə Avropanı daha çox maraqlandırır".

Müzakirəyə çıxarılan məsələrlə bağlı araşdırma apardığını deyən S.Novruzov bildirib ki, qətnamə layihəsini hazırlayan 46 deputatdır: "Bunların hamısı bu və ya digər formada erməni lobbisi ilə əlaqədədirlər. Onların himayəçiliyi və bu işdə maraqlı dövlətlərin təsiri altında Azərbaycan əleyhinə bu tipli layihələr hazırlayıb müzakirəyə çıxarırlar. Bilirsiniz ki, bu yaxınlarda bir neçə vətəndaşımız ermənilər tərəfindən girov götürülmüşdü. Onlardan biri işgəncələr nəticəsində dünyasını dəyişdi. Biz tərəfdən də Ermənistanın kəşfiyyat-diversiya qrupunun üzvləri həbs edildilər. Erməni əsir ürək xəstəliyindən dünyasını dəyişdi. Hətta bunu Ermənistanın rəsmi dairələri də təsdiq etdilər ki, o, ürək xəstəsidir. Həmin bu 46 deputat Ermənistan rəhbərliyinə başsağlığı verdilər. Amma öz ata-baba yurdunu ziyarətə gedən azərbaycanlının ermənilər tərəfindən işgəncələr nəticəsində öldürülməsi haqqında bir cümlə belə danışmadılar. Ona görə də bunlardan ədalətli bir mövqe gözləmək olmaz".

Millət vəkili onu da əlavə edib ki, bütün bunlar bizim inkişafımızı ləngidə bilməz: "Bir də görürsən ki, iddia irəli sürürlər ki, Azərbaycanda həbsxanalarda görüşlər keçirmək istəyirik. Onlara sual vermək lazımdır ki, nə üçün ermənilərin azğınlığı nəticəsində öldürülən 14 nəfər azərbaycanlı şəhidin ailələri ilə görüşüb başsağlığı vermirlər? Körpə bir uşağı erməni snayper vurub öldürdü, niyə o körpənin ailəsi ilə gedib görüşmürlər? Niyə Leyla Yunusla, Arif Yunusla görüşmək arzusundadırlar? Bütün tanınmış erməni bloqerlər L.Yunusla A.Yunusu müdafiə edirlər. Müzakirə olunan qətnamənin kökündə də məhz bu tipli adamlarla uzun illərin əməkdaşlığı dayanır. Kimsə həbs olunursa, bir həftə keçməmiş bəyanat verirlər ki, azadlığa buraxılsın. Bunlar qanunlara hörmət etmirlər. İstintaq getdiyi müddətdə heç kimi azadlığa buraxmırlar. Əgər məhkəmədən narazı qalsalar, o zaman yüksək instansiyalar, Avropa Məhkəməsinə də müraciət edə bilərlər. Biz heç bir dövlətin daxili işlərinə qarışmırıq, başqaları da bizim daxili işlərimizə qarışmamalıdırlar. Ölkəmizdə analoqsuz layihələr həyata keçirilir. Ermənistan isə heç hərbi parad belə keçirə bilmədi, çünki nümayiş etdirməyə heç bir hərbi texnikası yoxdur. Amma Azərbaycanın istehsal etdiyi hərbi məhsulları almaq üçün bu gün dünyanın 30-dan çox müxtəlif dövləti növbəyə durub. Belə olanda bəzi qüvvələr ortaya düşürlər ki, bu inkişafa, Avropa ilə olan əməkdaşlığa xələl gətirsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti