...

Məclis üzvü: Müsavat Partiyası bir qrup tərəfindən işğal edilib

Siyasət Materials 29 Oktyabr 2014 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Müsavat Partiyasının indiki rəhbərliyini legitim saymıram". Bu barədə Trend-ə Müsavat Partiyasının Məclis üzvü Rüfət Əliyev deyib.

R.Əliyev hesab edir ki, hazırda Müsavat Partiyası bir qrup tərəfindən işğal edilib: "Biz Qubad İbadoğlunun partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) müraciətinin cavabını gözləyirik. Bu və ya digər şəkildə veriləcək cavabı dəyərləndirib gələcək fəaliyyətimizi müəyyənləşdirəcəyik".

Müsavat başqanının keçmiş müşaviri, partiya başqanlığına keçmiş namizəd Səxavət Əlisoy da Trend-ə MNTK-ya edilən müraciətə cavab verilməsini gözlədiklərini bildirib: "Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasına göndərilən müraciətə cavab gözləyirik. Bundan sonra fikrimizi açıqlayacağıq".

O bildirib ki, müraciətdə Müsavat Partiyasının qurultayından əvvəl və sonra baş verən saxtakarlıqlar sadalanıb.

Bundan əvvəl Müsavat Partiyasındakı mənbədən Trend-ə verilən məlumata görə, qurultaydan narazı qalan partiya üzvləri partiya daxilində fraksiya və ya islahatçı qanad yaratmaq fikrindədirlər.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib.

Partiya başqanlığına A.Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və S.Əlisoy namizədliyini vermişdi. Lakin qurultayın gedişində S.Əlisoy namizədliyini digər namizəd Q.İbadoğlunun xeyrinə geri götürüb.

Q.İbadoğlu öncə Trend-ə müsahibəsində deyib ki, A.Hacılı öz potensialı, resursları ilə ona qalib gəlməyib.

Xatırladaq ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, bu qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti