...

Rəsmi Bakı Ermənistanın təxribatçı əməlləri ilə bağlı sərt bəyanat verdi

Siyasət Materials 12 Noyabr 2014 23:55 (UTC +04:00)
“Azərbaycan Respublikası işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan etmiş və müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırmışdır”.
Rəsmi Bakı  Ermənistanın təxribatçı əməlləri ilə bağlı sərt bəyanat verdi

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Səba Ağayeva/

"Azərbaycan Respublikası işğal olunmuş ərazilərin üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan etmiş və müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırmışdır". Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu gün Ermənistan Hava Qüvvələrinə məxsus helikopterin vurulması məsələsini şərh edərkən bildirib.

XİN-in bəyanatında qeyd olunub ki, Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır: "Bu ilin 27 oktyabr tarixində Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində çoxlu sayda canlı qüvvə və hərbi texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə başlanılıb və atəşkəs rejimi Ermənistan tərəfindən intensiv şəkildə pozulmaqda davam etdirilib.

12 noyabr tarixində son üç gün ərzində müşahidə edilən provokativ döyüş uçuşlarının davamı olaraq, Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd Mi-24 tiplihelikopter Azərbaycan qoşunlarının müdafiənin ön xəttində yerləşən mövqelərinə hücum edərək atəşə tutmuşdur. Cavab atəşi ilə helikopterlərdən biri vurulmuş, digəri isə atəş zonasını tərk etməyə məcbur olmuşdur".

XİN-in bəyanatında daha sonra qeyd olunub ki, Paris görüşünün nəticəsi olaraq, "Böyük Sülh Sazişi"nin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə Ermənistanın bu məqsədyönlü təxribatçı əməlləri vəziyyətin gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və mövcud status-kvonun saxlanması məqsədi daşıyır: "Gərginliyin yaranmasının əsas səbəbi Ermənistan Respublikasının silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır. Buna görə də Azərbaycan tərəfindən dəfələrlə bəyan edildiyi kimi, onsuz da gərgin olan vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Münaqişənin sülh yolu ilə həlli və regionda sülhün və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti