Azərbaycan xəbərlər xidməti
Elçin Mehdiyev - Trend:
"Azadlıq" radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılova da dünən məhkəmənin qərarı ilə həbs olundu.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçildi. İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.
Bu gün Azərbaycanda jurnalistlərin həbs edilməsi arzuedilən olmasa da, bu, artıq acı gerçəkliyə çevrilib. Təəssüflər olsun ki, Azərbaycan mediasının bəzi yazarları bu və ya digər cinayətdə ittiham olunaraq məsuliyyətə cəlb edilirlər.
İndi yenə beynəlxalq təşkilatlar, bəzi dövlətlər bundan sui-istifadə edərək Azərbaycanda söz azadlığının boğulduğu barədə bəyanatlarla çıxış edəcəklər. Necə ki, artıq bir gecədə bu bəyanatların ardı-arası kəsilmir. Ancaq bu bəyanatlarda bir dəfə də qeyd olunmur ki, Azərbaycanda jurnalist peşə fəaliyyətinə görə yox, törətdiyi cinayətə görə həbs olunub. Ortada cinayət faktı var və bu fakta görə Xədicə İsmayılova məsuliyyətə cəlb olunub. Məgər Avropa, Qərb praktikasında jurnalistlərin həbsi qeydə alınmır? Məgər xaricdə hər hansı jurnalist cinayət törədirsə, məsuliyyətdən yayınır? Əlbəttə, yox. Bəli, belə də olmalıdır. Bir ölkənin məmuru da, jurnalisti də cinayət törədirsə, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan da hüquqi dövlətdir, bu prinsiplərə əməl edir. Bundan siyasi şou düzəltmək yersizdir.
Digər tərəfdən, hələ Xədicə İsmayılova ilə bağlı istintaq hərəkətləri aparılır. Bəlkə, istintaqın yekununda o, günahsız olacaq. İndidən bəyanatlar verməklə istintaqın işinə təzyiq edilməsi heç bir beynəlxalq hüquqa sığmır.
Azərbaycanda sözə, yazıya görə bu günə qədər kimsə həbs olunmayıb. Bunu beynəlxalq təşkilatlar da, Qərb də, Avropa ölkələri də yaxşı bilir. Sadəcə, Azərbaycanın uğurlarına sevinməyən qüvvələr bundan "məharətlə" istifadə edərək, öz maraqlarını regionda tətbiq etmək istəyirlər. Bu siyasətin Azərbaycanda yeri yoxdur. Azərbaycan xalqı ilə hakimiyyəti arasında çox gözəl etimad və inam var. Bu inamı heç bir xarici qüvvə qıra bilməz və Azərbaycan heç vaxt xarici qüvvələrin toruna düşməyəcək.