Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Elçin Mehdiyev/
Müsavat Partiyasının VIII qurultayından narazı qalan üzvlərin yaratdığı "Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatı yaxın vaxtlarda təsis konfransı keçirməyi planlaşdırır. Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd, hərəkatın təşkilat komitəsinin üzvü Səxavət Əlisoy deyib.
S.Əlisoy qeyd edib ki, hazırda əsas diqqət hərəkatın təşkilatlanmasına yönəlib: "Təşkilat komitəsinin üzvləri rayonlar üzrə təhkim olunublar. Artıq rayonlarda işlər yekunlaşır. Çox istəyirik ki, yanvarın sonu - fevralın əvvəlində təsis konfransı keçirək".
O, əlavə edib ki, hərəkata tək müsavatçılar deyil, digər partiyaların da üzvləri qatılırlar: "Hətta bəzi partiyalar tam tərkibdə hərəkatda təmsil olunmaq istəyirlər. Biz hərəkata populizmdən uzaq, intellektual mübarizəyə üstünlük verən insanları qəbul edirik. Qışqırıb-bağıranlarla işimiz yoxdur. Qoy onlar harada istəyir, gedib qışqırıb-bağırsınlar".
S.Əlisoy deyib ki, Müsavat Partiyasının qurultayında baş vermiş saxtakarlıqların aradan qaldırılması üçün mübarizələrini davam etdirəcəklər: "Ömrünün 15-20 ilini Müsavat Partiyasına həsr etmiş insanlar partiyanı asanlıqla saxtakarlara peşkəş etməyəcəklər. Biz ən məqbul variantlar üzərində işləyirik".
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.