...

Prezident İlham Əliyev: Ümid edirik ki, Avropa Oyunları dostluq, tərəfdaşlıq Oyunları olacaq (FOTO)

Siyasət Materials 23 Yanvar 2015 15:20 (UTC +04:00)
Bakıda ilk Avropa Oyunlarının keçirilməsinə beş aydan az vaxt qalır. Bu Oyunlar əvvəllər heç vaxt keçirilməyib.
Prezident İlham Əliyev: Ümid edirik ki, Avropa Oyunları dostluq, tərəfdaşlıq Oyunları olacaq (FOTO)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

"Bakıda ilk Avropa Oyunlarının keçirilməsinə beş aydan az vaxt qalır. Bu Oyunlar əvvəllər heç vaxt keçirilməyib. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt təşkil olunmamışdı. Biz bu Oyunları Azərbaycanda keçirmək qərarına görə Avropa Olimpiya ailəsinə olduqca minnətdarıq". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimatında çıxışı zamanı deyib.

Prezident bildirib ki, qərar 2012-ci ilin sonlarında qəbul olunmuşdur: "Bilirsiniz ki, qış Olimpiya Oyunlarından daha böyük olan Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxtımız var idi: İyirmi idman növü üzrə yarışacaq 6 mindən artıq atletin gəlməsini gözləyirik. Həmin idman növlərindən 16-sı Olimpiya idman növüdür. İki il yarım təbii ki, çox məhdud vaxt çərçivəsidir. Lakin Avropa Olimpiya Komitəsinin böyük dəstəyi ilə Təşkilat Komitəsi olaraq ürəkdən çalışırıq. Biz güclü tərəfdaşlıq qurmuşuq və bu gün Oyunları mümkün qədər ən yüksək səviyyədə təşkil etmək məqsədilə 40-dan artıq ölkənin nümayəndələrinin çalışdığı beynəlxalq komandamız var.

Fikrimcə, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın bir səbəbi də atletlərimizin nailiyyətləri ilə bağlıdır. Azərbaycan müstəqillik illəri ərzində özünü həm də idman ənənələri ilə seçilən ölkə kimi tanıdıb. Sonuncu London Olimpiya Oyunlarındakı iştirakımız ölkəmiz üçün çox vacib olub. On medal qazandıq, onlardan ikisi qızıldır. Biz dünya ölkələri arasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci olduq. Zənnimcə, səbəblərdən biri bu idi".

Dövlət başçısının sözlərinə görə, digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır: "Müstəqillik illəri, xüsusən də son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Davos Dünya İqtisadi Forumu qlobal rəqabətlilik reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbulunda rol oynadı.

Beləliklə, biz qonaqları və turistləri gözləyirik. İndi hazırlıq işinin son mərhələsindəyik. Əlbəttə ki, Oyunlar bizə onsuz da həyata keçirilməli layihələri daha qısa müddət ərzində reallaşdırmaq imkanını yaratdı. Müasir idman infrastrukturunun yaradılması sahəsində çoxlu işlər aparılıb. Hazırda biz Xəzər dənizinin sahilində Bakı İdman Şəhərciyini yaradırıq. Nəqliyyat infrastrukturumuzu yeniləşdiririk. Bu, əlbəttə, regionda ən yaxşı şəbəkələrdən biri olacaq. Bakıda yeni mehmanxanalar açılır. Eyni zamanda, Xəzərin sahilində uzunluğu 16 kilometr olan yeni gəzinti zonası yaradılır. Bu, qonaqlar, idmançılar və turistlər üçün gözəl məkan olacaq.

Ümidvarıq ki, bütün ölkələr bu Oyunlara güclü atletlərini göndərəcəklər. Çünki Avropa Oyunlarının standartları müəyyən dərəcədə məhz Bakıda müəyyənləşdiriləcək. Oyunların təşkil edilməsi forması, ola bilsin ki, digər şəhərlər üçün də örnək olacaq. Ümidvaram ki, növbəti Avropa Oyunlarını öz ölkəsində qəbul etmək arzusunda olan bir çox namizədlər də olacaq".

İlham Əliyev qeyd edib ki, son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ olub: "Fəxr edirik ki, 2015-ci il Avropa Oyunlarından sonra 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını keçirəcəyik və eyni zamanda, ilk dəfə olaraq, "Formula - 1" yarışmaları regionumuza gələcək. Bu yarış şəhər daxilində baş tutacaq. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu oyunlar müsəlman dünyasını bir araya gətirir. Bunun çox rəmzi mənası var. İki il ərzində Bakı Avropa Oyunlarını və İslam Oyunlarını qəbul edəcək. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı, çoxmədəniyyətli ölkədir. Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında qəbul edilmiş qərarın tarixi əsasları var. Bu, dövlət siyasətimizin real təzahürüdür".

Prezident vurğulayıb ki, idman yer üzünün insanlarını birləşdirir: "Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır. Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar, əllərini sıxır və qalib gələni təbrik edirlər. Budur idman. Bu, Olimpiya hərəkatını və bütün dünya xalqlarını birləşdirən nadir fürsətdir.

Beləliklə, ümid edirik ki, Avropa Oyunları dostluq, tərəfdaşlıq Oyunları olacaq. Qələbələr hamımız tərəfindən qeyd ediləcək və mən bu fürsətdən istifadə edərək, sizin hamınızı dəvət etmək istərdim. Bakıda qonağımız olun! Ümidvaram ki, sizi iyunun əvvəlində şəhərimizdə görəcəyik və bu cür yüksək nailiyyəti bir yerdə seyr edəcəyik.

Hörmətli dostlar, bizimlə birlikdə olduğunuza görə bir daha minnətdaram, sizə xoş axşam arzulayıram".

Daha sonra mərasim iştirakçıları "Bakı-2015"-ə həsr olunan filmə baxdılar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri və digər tədbirlər barədə geniş məlumat verildi.

Qeyd edək ki, ilk Avropa Oyunları Bakıda 21 idman obyektində keçiriləcək. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud qurğular yenilənərək hazır vəziyyətə gətirilir. Açılış mərasiminin baş tutacağı 68 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, Bakıda 7300 nəfərlik Olimpiya Şəhərciyi də oyunlara hazırlanır. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq miqyasda göstərilən maraqdan irəli gəlir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanır. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra atletlərimiz olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-dək medal qazanıblar. 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.

Qeyd edək ki, bu il Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar həm Sürix, həm də Davos şəhərlərinin müxtəlif yerlərində oyunlara həsr olunan reklam lövhələri vurulmuşdu. Bu da Davos İqtisadi Forumunda iştirak edən nümayəndələrdə ölkəmiz və onun zəngin mədəniyyəti, idman ənənələri barədə təsəvvür yaratmağa imkan verirdi.

Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimat mərasiminə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri qatılmışdılar.

Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının "Bakı-2015"ə həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxdılar. "Biz birlikdə" adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri sərgilənirdi. Onların hər biri müxtəlif cərəyanları nümayiş etdirməklə ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirirdi.

Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletləri təqdim edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti