Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Elçin Mehdiyev/
"Biz belə fikirləşdik ki, bizim siyasi maraqlarımız həmin formatda tam təmin olunmur". Bunu Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ADP-nin təmsil olunduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində (SPDİHM) iştirak edən partiyaların 8-nin yaratdığı seçki blokuna qoşulmamasının səbəbindən danışarkən deyib.
S.Cəlaloğlu qeyd edib ki, seçkilərə birgə getmək üçün əvvəlcə təcrübə lazımdır: "Biz bura daxil olan partiyalarla son 20-25 ildə bir dəfə də olsun heç bir seçki blokunda olmamışıq. Ona görə də bir eksperiment aparmağa, qarşıdan gələn seçkilərlə bağlı hansısa yeni siyasi təcrübələr qurmağa ehtiyac yoxdur. O səbəbdən biz kimlə ki, əməkdaşlıq etmişik, iş görmüşük və bilirik ki, bu partiyanın gücü, potensialı davranışı necədir, o partiyalarla da bir yerdə seçkilərə getməyi daha məqsədəuyğun hesab edirik".
ADP-nin hansı partiyalarla birgə seçkilərə gedəcəyi məsələsinə toxunan sədr qeyd edib ki, bu barədə danışmaq hələ tezdir: "Partiyaların çoxu hələ qərar qəbul etməyib. Qərarlar qəbul ediləndən sonra məsələyə baxıla bilər".
S.Cəlaloğlu sədrlik etdiyi partiyanın artıq SPDİHM-də təmsil olunmadığını da diqqətə çatdırıb: "Orada funksional əməkdaşlıq edirdik. Seçki bloku yaradıldıqdan sonra da funksional əməkdaşlıq öz əhəmiyyətini itirdi. Ona görə də biz oradan çıxmağı məqsədəuyğun hesab etdik".
ADP lideri hələlik seçkilərə hansı formatda getmək barədə konkret planın olmadığını deyib. Ümid, Müsavat və Azərbaycan Demokrat partiyalarının seçkilərə birgə gedəcəyi barədə əvvəl səsləndirilən fikirlərə münasibət bildirən S.Cəlaloğlu qeyd edib ki, Müsavat Partiyası qərar verib ki, apreldən sonra bu məsələləri müzakirə etsin: "Ona görə də bu üç partiyanın seçkilərə birgə getməsi barədə məsələ hələ ki, gündəmdə deyil".
Qeyd edək ki, SPDİHM-də Müsavat, Klassik Xalq Cəbhəsi, Azərbaycan Demokrat, Ümid, Azərbaycan Xalq, Azad Demokratlar, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Demokrat, Aydınlar, Azadlıq və Böyük Azərbaycan partiyaları təmsil olunurdu. Onlardan Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Azad Demokratlar, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Demokrat, Aydınlar, Azadlıq və Böyük Azərbaycan partiyaları seçki bloku yaradəb. Yerdə qalan 3 partiya - Azərbaycan Demokrat, Ümid və Müsavat partiyaları isə bloka qoşulmaqdan imtina edib.