...

Sloveniya Parlament Milli Şurasının sədri Mitya Bervarın Azərbaycana səfərinin əsas məqsədi nədir?

Siyasət Materials 3 Mart 2015 14:12 (UTC +04:00)
Son illər dünyada baş verən iqtisadi-maliyyə böhranı iqtisadiyyatları onsuz da ağır olan bir sıra ölkələri daha çətin duruma salmışdır.
Sloveniya Parlament Milli Şurasının sədri Mitya Bervarın Azərbaycana səfərinin əsas məqsədi nədir?

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Son illər dünyada baş verən iqtisadi-maliyyə böhranı iqtisadiyyatları onsuz da ağır olan bir sıra ölkələri daha çətin duruma salmışdır.

Belə ölkələrdən biri də mərkəzi Avropa ölkəsi olan Sloveniyadır. Beynəlxalq maliyyə agentliklərinin və digər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına görə Sloveniyanın kredit reytinqi son illər həddindən artıq aşağı düşmüş, xarici borclar kəskin şəkildə artmış, investorlar ölkəni tərk etməyə başlamış, işsizlik rekord həddə çatmış, yoxsulluq ölkə əhalisinin daha çox hissəsini əhatə etməyə başlamışdır. ABŞ-ın "Heritage" fondu və "Wall Street Journal" dərgisinin dünya ölkələrinin iqtisadi azadlıq səviyyəsi ilə bağlı hesabatına görə isə Avropa ölkələri arasında iqtisadi baxımdan son 5 il ərzində ən böyük geriləmə müşahidə olunan ölkələrdən biri də Sloveniya olmuşdur.

Sloveniyada milli inkişaf strategiyasının olmaması, cəmiyyətdə demokratik proseslərin və hüquqi islahatların lazımi səviyyədə aparılmaması ölkədə korrupsiya hallarının yaranmasına da əlverişli şərait yaratmışdır. Təsadüfi deyil ki, Avropa Komissiyasının 2014-cü il Korrupsiya hesabatında əhalinin 91 faizi ölkədə korrupsiya hallarının olduğunu təsdiqləmişdir. Avropa Şurasının Anti-Korrupsiya Qrupunun müxtəlif hesabatlarında Sloveniyada korrupsiyanın aradan qaldırılması istiqamətində indiyə kimi heç bir ciddi irəliləyişin əldə olunmaması qeyd olunur. Son illər ölkədə yüksək rütbəli rəsmi şəxslər səviyyəsində korrupsiya hallarının qeydə alınması faktları dünyada böyük səs-küyə səbəb olmuşdur. Beynəlxalq ekspertlər korrupsiya hallarının Sloveniyada demək olar bütün sahələri əhatə etdiyini vaxtaşırı olaraq diqqətə çatdırmışlar. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı-2013-2014" nəşrinə görə Sloveniyada korrupsiya biznes fəaliyyəti ilə məşğul olmaq üçün ən ciddi problemlərdən biri sayılmışdır.

Beynəlxalq hesabatlarda Sloveniyada insan haqları ilə bağlı da bir sıra problemlərin olduğu bildirilir. Qadın və uşaqlara qarşı zorakılıq, insan alveri, dustaqların acınacaqlı şəraitdə saxlanması, sosial ayrıseçkilik və digər bu kimi halların mövcud olduğu qeyd edilir.

Sadaladığımız bu amillər Sloveniyanın gələcək inkişaf perspektivləri üçün ciddi problemlər yaradır. Belə bir vəziyyət Sloveniyanın yüksək səviyyəli rəsmi nümayəndələrini iqtisadiyyatı güclü olan ölkələrə üz tutmağa vadar edir. Elə Sloveniya Parlament Milli Şurasının sədri Mitya Bervarın Azərbaycana səfərinin də əsas məqsədi ölkəmizdən maliyyə yardımı almaqdan ibarətdir. Yaxşı olardı ki, bu cür səfərlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslansın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti