Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
Ermənistanın məqsədi 1915-ci il hadisələrinin araşdırılması deyil, Türkiyə ilə düşmənçilik etməkdir. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan qeyd edib ki, Ermənistan hakimiyyəti bunu dəfələrlə təsdiq edib.
Onun sözlərinə görə, erməni lobbisi dünyanın hər yerində qondarma "soyqırım" iddiaları ilə bağlı Türkiyə əleyhinə düşmənçilik kampaniyası aparır: "Türkiyə həmişə olduğu kimi, bu gün də 1915-ci il hadisələri barədə həqiqətləri üzə çıxarmaq üçün bütün tarixi arxivləri açmağa hazırdır".
Türkiyə Prezidenti əlavə edib ki, 1915-ci il hadisələrindən təkcə ermənilər deyil, regionda yaşamış bütün xalqlar əziyyət çəkiblər. Balkan yarımadasında və Qafqazda müsəlman əhaliyə qarşı ən böyük soyqırım məhz 1915-ci ildə törədilib. Anadolunun müsəlman əhalisi də ermənilərin fəaliyyətindən əziyyət çəkib. Bunu tarixi faktlar sübut edir. Əgər Türkiyə arxivlərini açsa, ölkənin ermənilərə qarşı böyük iddiaları olacaq".